REGİONLAR
Laçınlı məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir
Ağcabədi, 12 fevral, AZƏRTAC
Laçınlı məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, problemlərinin öyrənilməsi və vaxtında həll olunması daim diqqət mərkəzində saxlanılır. 2015-ci ildə laçınlı məcburi köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda 93 səyyar qəbul keçirilib. 6129 nəfərin iştirak etdiyi bu qəbullarda 722 nəfər, rayon icra hakimiyyəti başçısı aparatında isə 919 nəfər rayon sakininin müraciəti dinlənilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətində 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan yığıncaqda məlumat verilib.
Yığıncaqda görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə dinlənilib, laçınlı məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, 2015-ci ildə laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Fingə obasında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun maliyyə dəstəyi ilə 4,4 kilometr, Şeylanlı obasında 5,6 kilometr, Sadınlar-2 obasında 4,1 kilometr və Qarakeçdi İnçalan obasında 8,1 kilometr, Qarakeçdi-Şəlvə obasında 9,5 kilometr uzunluğunda çınqıl örtüklü avtomobil yolu çəkilib, Ağsu rayonunu Gürcüvan kəndinə gedən 12 kilometr avtomobil yolu əsaslı təmir edilib. Abşeron rayonunun Masazır qəsəbəsində Quşçuluq massivində tikintisi yarımçıq qalmış binanın dam örtüyü, Binəqədi rayonunda Slavyan Universitetinin 4 nömrəli yataqxanası, İqtisad Universitetinin yataqxanası, Qaradağ rayonunun Sahil qəsəbəsində 1, 12 və 16 saylı yataqxanalar, Xətai rayonunda “Dənizçilik məktəbi”nin yataqxanası, Kamallı kənd tam orta məktəbi əsaslı təmir olunub. Muğanlı kənd ümumi orta məktəbinin və Hacıxanlı tam orta məktəbinin binalarında təmir-bərpa işləri başa çatdırılıb, 552 ailəlik qəsəbədə qrunt sularının kənara axıdılması üçün drenaj şəbəkənin layihələndirmə işləri aparılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin layihəsi əsasında əhalini içməli su ilə təmin etmək məqsədilə Mişni və Qarıqışlaq obalarında yeni modul tipli su təmizləyici qurğu tikilərək istifadəyə verilib. Obalarda içməli su şəbəkəsində yararsız hala düşmüş su xətlərinin 4370 metr hissəsi yenisi ilə əvəz olunub, Mişni obasında su nasosu əsaslı təmir edilib. Yay aylarında 552 ailəlik qəsəbədə əhalinin fasiləsiz olaraq içməli su ilə təmin etmək məqsədi ilə Yuxarı Qarabağ kanalından Taxtakörpü qəsəbəsinə gələn su xəttinin mənbəyində əlavə tədbirlər görülərək, suyun səviyyəsi qaldırılıb.
Məcburi köçkünlərin məskunlaşdığı 84 oba və 2 qəsəbədə əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün 10 və 04 kv-luq elektrik hava xətlərində yararsız hala düşmüş 10 min 300 metr naqil yenisi ilə əvəzlənib, Qarakeçdi, Malıbəy, Mişni, Vağazin, Quşçu, Sonasar, Alxası, Qarıqışlaq, Şeylanlı, Ağbulaq obalarında və Qayğı qəsəbəsində transformatorlar əsaslı, digər obalarda müxtəlif gücə malik 60 transformator cari təmir olunub.
Taxtakörpü qəsəbəsində yollara 2277 kvadratmetr asfalt, 5520 kvadratmetr çınqıl örtük salınıb, Vağazin obasında 640 metr uzunluğunda avtomobil yolu, həmçinin rayon mərkəzi xəstəxanasının, təhsil şöbəsinin binaları, Ağbulaq, Ərdəşəvi, Mişni, Qarakeçdi, Vağazin və 11 nömrəli tam orta məktəbləri əsaslı təmir edilib.
Əhalinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün “Vağazin-1” nasos stansiyası əsaslı təmir olunub, 160 kilometr suvarma kanalı lildən təmizlənib, Cağazur-Malıbəy obalarında 8 kilometr uzunluğunda yeni suvarma kanalı çəkilərək istifadəyə verilib. “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində keçirilən iməciliklərdə əraziyə 5 mindən çox ağac əkilib.
Məruzə və çıxışlarda görülən işlərlə yanaşı, mövcud problem və çatışmazlıqlar da qeyd olunub, onların həlli yolları müzakirə edilib, qarşıda duran vəzifələrdən danışılıb.
Bildirilib ki, 2016-cı ildə Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki obalarda məskunlaşan ailələr üçün evlərin inşası, 552 ailəlik qəsəbədə daxili yolların təmiri, Qayğı qəsəbəsində fərdi evlərə qaz xəttinin çəkilməsi, obalararası avtomobil yollarının əsaslı təmiri, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və əhalinin məşğulluğunun artırılması qarşıda duran mühüm vəzifələrdəndir.