REGİONLAR
Laçınlı məcburi köçkünlərlə görüş
Ağcabədi, 5 avqust, AZƏRTAC
Laçın Rayon İcra Hakimiyyətinin nümayəndələri Qax rayonu ərazisində müvəqqəti məskunlaşmış həmyerliləri ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıblar.
AZƏRTAC xəbər verir ki, görüşdə rayon rəhbərliyi, idarə, müəssisə, təşkilat rəhbərləri, ərazi icra nümayəndələri və laçınlı məcburi köçkünlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər məcburi köçkünlərə göstərilən dövlət qayğısından, problemlərinin həlli, sosial rifah və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, laçınlı məcburi köçkünlərin daha çox məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü ərazisində aparılan geniş quruculuq və abadlıq işlərindən danışıblar.
Laçın Rayon İcra Hakimiyyətinin rəhbərliyi məcburi köçkünlərin müraciətlərini dinləyib, problemləri ilə maraqlanıb. Qəbul-görüşdə 80 nəfər iştirak edib, 12 nəfərin müraciəti dinlənilərək, baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.