REGİONLAR


Laçınsız keçən 25 il…

Ağcabədi, 18 may, AZƏRTAC

Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 25 il keçir.

Laçın zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malik bir diyardır

Zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malik olan Laçın rayonunun ərazisi dağlıqdır. Rayonun şərqində Qarabağ silsiləsinin cənub-qərb yamacları, şimalında Mıxtökən silsiləsi uzanır. Cənub-qərb hissəsini Qarabağ yaylası tutur. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 kilometr) yaradır ki, bu çay da Araz çayına qovuşur. Ərazisində Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar, zəngin meşələr, yaylaqlar var.

1961-ci ildə rayon ərazisində nadir təbiət komplekslərini qorumaq üçün yaradılan Laçın Dövlət Təbiət Yasaqlığı 20 min hektar, 1987-ci ildə yaradılan Qaragöl Dövlət Təbiət Qoruğu isə 240 hektar ərazini əhatə edirdi. Qoruqda 68 növdən və 27 fəsilədən ibarət bitki örtüyü vardı. Laçın Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşmışdı. Yasaqlığın ərazisindəki Hacışamlı meşəsində dünyada ən qiymətli növ olan qırmızı palıd (qızıl palıd) vardı. Bu ağac Azərbaycanda yalnız həmin yasaqlıqda yayılıb.

Laçın rayonu üzrə 33 min 285 hektar meşə fondu torpaqları var ki, bunun da meşə ilə örtülü sahəsi 26 min 647 hektardır. Meşələrdə şam, palıd, vələs, göyrüş, ağcaqayın, qarağac, akasiya, qovaq, söyüd, dəmirqara, armud ağacları üstünlük təşkil edirdi. Rayonda Həkəri çayının sağ sahilində və Zabux kəndində 400 yaşlı 2 ədəd Şərq çinarı, dövlət meşə fondu torpaqlarında 1092 hektar sahəni əhatə edən ardıc, şabalıd və qaraçöhrə ağacları mühafizə olunurdu.

Laçın rayonu ərazisində 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), əhəngdaşı, Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil, həmçinin Quşçu pemza, Yuxarı Həkəriçay qum-çınqıl qarışığı, əqiq, 2 əlvan bəzək daşı, 3 vulkan külü və Minkənd mineral su yataqları var.

İyirmi beş il Laçınsız...

Azərbaycanın füsunkar guşəsi olan Laçın rayonu 25 ildir ki, Ermənistanın işğalı altındadır. 1992-ci il mayın 18-də erməni hərbi birləşmələri 1835 kvadratkilometr ərazisi olan Laçın rayonunu – bir şəhər, bir qəsəbə, 125 kəndi işğal edib, bu yerlərin 60 min nəfərə yaxın sakinini öz doğma torpağından didərgin salıblar. Müharibə zamanı 267 nəfər laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 120 nəfər sağlamlığını itirib, yüzlərlə uşaq yetim qalıb. İşğal nəticəsində rayonda olan 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 1 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri, 13 min 745 yaşayış evi talan və məhv edilib, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə erməni vandalizminə məruz qalıb. 72 min hektarlıq yaylaq sahəsi olan Laçın rayonunda ictimai və şəxsi təsərrüfatlardakı 25 min baş iri və 200 min başdan artıq davar, minlərlə arı ailəsi, əhalinin bütün varidatı işğal zonasında qalaraq qarət edilib. Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7,1 milyard ABŞ dollarından çox ziyan dəyib.

Laçın rayonunun əsir abidələri

Rayonun ərazisi tarixi, mədəniyyət və memarlıq abidələri, qədim qaya təsvirləri, mağaralar, daş üzərində süjet xarakterli oymalar, kurqan, qala tipli abidələr, məbədlər, çoxlu sayda qəbirüstü abidələr, at, qoç fiqurları, süjetli daşlar, gildən hazırlanmış müxtəlif bəzək, məişət və digər əşyalar, bir tağlı və iki tağlı körpülərlə zəngindir. Bu ərazidə olan abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır.

Ağoğlan məbədi (IX əsr), Dəmrovlu Pir Məbədi ( XI əsr), Cicimli kəndində Məlik Əjdər türbəsi (XII əsr), Kar Künbəz türbəsi (XVII), Soltanlar kəndində Həmzə Soltan sarayı (1761-ci il), Quşçu kəndində Pir (XII-XIII əsrlər), Uşaq qalası (XV əsr), Şəlvə kəndində məbəd, Mirik kəndi ərazisində qala (XV əsr), Qaranlıq kaha, Bayqara mağaraları, Zeyvə kəndində Soltanbaba türbəsi, Güləbird kəndində Sultanbud məbədi, Minkənd kəndində Alban kilsəsi, X-XIX əsrlərə aid ikitağlı və birtağlı körpülər, Seyidlər kəndində birtağlı körpü (XIX əsr), Pircahan körpüsü, orta əsrlərə aid sənduqə, qoç və at abidələri, dəmir və tunc dövrünə aid kurqanlar, qəbiristanlıqlar və onlarca digər məbədlər 25 ildir ki, erməni vəhşiliyinin qurbanına çevrilib. Laçın rayonunda mövcud olan tarixi, mədəni və dini abidələrin bir çoxu dağıdılıb, bir çoxu isə erməniləşdirilib.

Dünya ictimaiyyəti Ermənistanın işğalçı siyasətinə biganə yanaşır

Təəssüf ki, erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi, ölkəmizin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, eləcə də Qarabağ müharibəsi ilə bağlı Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərarlar hələ də Ermənistan Respublikası tərəfindən yerinə yetirilmir. ATƏT-in rəhbərliyi altında faktaraşdırıcı və faktqiymətləndirmə missiyalarının işğal olunmuş ərazilərdə məskunlaşma, ilkin coğrafi adların dəyişdirilməsi, mədəni mülkiyyətə və müqəddəs ocaqlara münasibətdə qeyri-qanuni əməllərlə bağlı hazırladıqları sənəd və tövsiyələr kağız üzərində qalıb. Əfsuslar olsun ki, beynəlxalq təşkilatların qərarlarına rəğmən işğal hələ də davam edir. Beynəlxalq hüquq normaları kobudcasına pozulur. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar isə regionda etnik təmizləmə siyasətini həyata keçirmiş Ermənistanın işğalçı siyasətinə biganə yanaşır.

Laçınlıların ən böyük arzusu doğma yurdlarına qayıtmaqdır

Laçın rayonunun 74 min nəfərdən çox sakini 25 ildir respublikanın 59 şəhər və rayonunda, o cümlədən Ağcabədi rayonunun Taxtakörpü ərazisində 84 obada məcburi köçkün həyatı yaşayır.

Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına və Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq Ağcabədi rayonunun Taxtakörpü ərazisində bütün infrastruktura malik 610 ailəlik üç qəsəbə salınıb. Prezident İlham Əliyev 2011-ci il dekabrın 24-də 552 ailəlik yeni qəsəbənin açılışında iştirak edib.

Laçın rayonunun bütün icra strukturları Ağcabədinin Taxtakörpü ərazisində fəaliyyət göstərir. Ötən dövr ərzində 13 min nəfərdən çox laçınlı məcburi köçkünün məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü ərazisində geniş tikinti-abadlıq işləri aparılıb, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Rayon icra hakimiyyəti, Yeni Azərbaycan Partiyası rayon təşkilatı, 121 saylı Laçın Seçki Dairəsi, rayon polis şöbəsi, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi, təhsil şöbəsi, Malıbəy obasında tibb məntəqəsi, Əhalinin Sosial Müdafiəsi və Məşğulluq Mərkəzləri, “Kapital Bank” ASC-nin rayon filialı üçün inzibati binalar, mədəniyyət evi, xəstəxana, 5 ümumtəhsil məktəbi, 4 uşaq bağçası tikilib istifadəyə verilib. Taxtakörpü qəsəbəsində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkı, Gənclər parkı salınıb, dahi rəhbərin büstü qoyulub, Şəhidlər abidə kompleksi inşa edilib.

Taxtakörpü ərazisinə təbii qaz xətti çəkilib, 256 və 512 nömrə tutumlu iki elektron ATS quraşdırılıb, qəsəbədə və ərazidəki obalarda artezian quyuları qazılıb, modul tipli sutəmizləyici qurğu quraşdırılıb. Ərazidə əkin və otlaq sahələrini suvarmaq üçün beton üzlüklü kanal çəkilib, təsərrüfat su kanalı şəbəkəsi yaradılıb.

Bütün bunlara baxmayaraq, laçınlıların ən böyük arzusu doğma yurdlarına qayıtmaqdır. Bu günü səbirsizliklə gözləyən laçınlı məcburi köçkünlər Laçın nisgili, doğma yurd həsrəti yaşayırlar. Laçınlılar torpaqlarımızın erməni işğalçılarından azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması üçün Ali Baş Komandanın əmri ilə hər an silaha sarılmağa, döyüşməyə hazırdırlar.

Tahir Ağaməmmədov

AZƏRTAC-ın müxbiri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.