CƏMİYYƏT


Lahıcda ASAN Könüllülərinin “Həmrəylik düşərgəsi” layihəsi davam edir

A+ A

Bakı, 23 iyul, AZƏRTAC 

“ASAN Könüllüləri” Təşkilatının, Dövlət Sərhəd Xidmətinin, Mədəniyyət və Turizm Nazirliyinin, “Regional İnkişaf” İctimai Birliyinin, Azərbaycan Avtomobil Federasiyasının, BMT–nin Əhali Fondunun dəstəyi ilə keçirilən “Həmrəylik düşərgəsi” layihəsi davam edir.

Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, Lahıcda keçirilən layihə üzrə 60 könüllü dördüncü gündür hərbi çadırlarda qalırlar. Layihə müddətində Lahıcda bir sıra təlimlər və sosial aksiyalar keçirilib. Könüllülər əməyin təhlükəsizliyi, tibb, yanğınsöndürmənin əsasları və s. haqqında təlimlərdə, həmçinin rəqs dərslərində iştirak ediblər.

Lahıcda boyama işlərinin aparılması isə sosial aksiyalardan biridir. İştirakçılar qəsəbədə boyanmağa ehtiyacı olan tikililəri, sakinlərə məxsus evlərin qapılarını rəngləyib, kənd əhalisinə məişət işlərində kömək ediblər.

Sosial aksiyalardan biri də “Dərman bitkilərinin toplanması” prosesi olub. Layihə iştirakçıları Lahıc qəsəbəsində əvvəlcədən müəyyənləşdirilmiş ərazilərdən tibb və təbabətdə istifadə olunan dərman bitkilərini toplayıblar.

Tədbirlərdən biri də “ASAN məktub”ların paylanılması olub. “ASAN məktub” vasitəsilə məktub göndərmiş Lahıc qəsəbəsinin azyaşlı sakinlərinə hədiyyələri çatdırılıb. Həmin uşaqlar sonra “Həmrəylik düşərgəsi” ilə də tanış olublar. Bundan başqa, ASAN Könüllüləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları Lahıcda yaşayan şəhid ailələrinə müxtəlif hədiyyələr veriblər.

Düşərgədə, həmçinin dövlət rəsmilərinin və Milli Məclisin deputatlarının iştirakçılarla görüşü nəzərdə tutulub. Artıq belə görüşlərdən biri baş tutub. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev düşərgədə iştirak edən gənclərlə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıb.

“Həmrəylik düşərgəsi” layihəsi iyulun 26-dək davam edəcək. Layihənin davam etdiyi müddətdə maraqlı tədbirlər, təlimlər keçiriləcək və müxtəlif turlar təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.