ELM VƏ TƏHSİL
Laoslu nazir: Azərbaycanın elm və texnologiya sahəsində qazandığı nailiyyətləri yüksək qiymətləndiririk
Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycanın elm və texnologiya sahəsində qazandığı nailiyyətləri yüksək qiymətləndiririk.
Bu sözləri Laosun elm və texnologiya naziri Bovienqkham Vonqdara iqamətgahı Hanoy şəhərində olmaqla Azərbaycanın Laos Xalq Demokratik Respublikasına akkreditə olunmuş səfiri Anar İmanov ilə görüşdə deyib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında elm və texnologiya sahəsində əməkdaşlığa dair məsələlər müzakirə edilib. B.Vonqdara vaxtilə Azərbaycan Neft-Kimya İnstitutunda təhsil aldığını, respublikamızın elm və təhsil sistemi ilə yaxından tanış olduğunu bildirib. O, qeyd olunan sahələr üzrə Azərbaycan ilə əməkdaşlığın qurulmasına səfirliyin kömək etməsini xahiş edib.
Səfir A.İmanov Azərbaycan ali təhsil ocaqlarının laoslu məzunlarını yüksək vəzifələrdə görməyin qürurverici olduğunu vurğulayaraq, ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən elm və texnologiya sahəsində əməkdaşlığın qurulub inkişaf etdirilməsində səfirliyin səylərini əsirgəməyəcəyini bildirib.
Laosun təhsil və idman naziri xanım Senqdeuane Laçanthaboune ilə görüşdə keçmişdə çoxlu sayda laoslu gəncin Azərbaycanda təhsil aldığı qeyd olunub, bu ənənənin davam etdirilməsinin vacibliyi vurğulanıb. Tərəflər idman sahəsində təcrübə mübadiləsinin faydalı olacağını qeyd ediblər.
Laos Milli Universitetinin prezidenti Somsi Nqorphansay ilə görüşdə iki ölkənin ali təhsil ocaqları arasında əlaqələrin qurulmasına dair müzakirələr aparılıb. Qeyd olunub ki, vaxtilə çoxlu sayda laoslu gənc Azərbaycanda ali təhsil alaraq, hazırda Laosun dövlət və özəl sektorlarında müxtəlif vəzifələrdə çalışır. Bu ənənənin davam etdirilməsinin ölkələrimiz arasında təhsil əlaqələrinin inkişafında mühüm addım olacağı bildirilib.
Görüşdə təqaüd proqramları, təlim kursları, Azərbaycan və Laos dilinin hər iki ölkənin universitetlərində tədrisi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.