İDMAN
Latviya 2019-cu ildə qadınlar arasında basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək
Riqa, 24 iyun, AZƏRTAC
Latviya 2019-cu ildə qadınlar arasında basketbol üzrə Avropa çempionatının iki yarımqrupda final turnirinə və 1/8 final oyunlarının ikisinə ev sahibliyi etmək hüququ qazanıb. Bu yarışların əsas təşkilatçısı Serbiya olacaq. Beynəlxalq Basketbol Federasiyasının Avropa bölməsinin idarə heyəti bu qərarı şənbə günü qəbul edib.
İki yarımqrupda final oyunlarından əlavə, 1/8 finalın iki matçı da Latviyada keçiriləcək. Beləliklə, iki ildən sonra Avropa çempionatı çərçivəsində 14 oyuna Latviya ev sahibliyi edəcək.
Latviyanın namizədliyini basketbol üzrə ölkə yığmasının keçmiş lideri Anete Yekabsone-Joqota və Latviya Basketbol İttifaqının baş katibi Edqar Şneps əyani şəkildə dəstəkləyiblər.
Qadınlar arasında basketbol üzrə Avropa çempionatı Avropa ölkələrinin və İsrailin qadınlardan ibarət milli basketbol komandaları arasında iki ildə bir dəfə keçirilən beynəlxalq yarışdır. “Eurowomen” və ya “EuroBasket Women” adı ilə də məşhur olan bu çempionatdan qadınlar arasında basketbol üzrə Dünya Çempionatı və Olimpiya Oyunları üçün seçmə turnir kimi də istifadə edilir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa