DÜNYA
Latviya Parlamentində yeni vergi islahatı qəbul olunub
Bakı, 12 avqust, AZƏRTAC
Latviya Parlamentinin qəbul etdiyi yeni vergi islahatları paketinə əsasən, gəlirlər bölüşdürülənə qədər onlardan korporativ vergi ödənilməyəcək.
AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək dəyişikliklərə görə, korporativ verginin dərəcəsi 20 faiz olacaq. Bu zaman müəssisəyə investisiya kimi qoyulmuş gəlir vergiyə cəlb edilməyəcək.
İslahata əsasən, aksiyaları saxlayanların dividendlər üçün gəlir vergisi ödəmək öhdəliyi olmayacaq. Bunlarla yanaşı, parlamentdə 2 illik keçid dövrü nəzərdə tutulub, bu müddət ərzində özəl şəxslərin əvvəlcədən yığılmış gəlirləri 10 faizlik aşağı dərəcə ilə, korporativ gəlir isə 15 faizlik dərəcə ilə vergiyə cəlb olunacaq. İslahatlar çərçivəsində həm işçilər, həm də işəgötürənlər üçün sosial sığorta fonduna ödənilən haqların da 0,5 faiz artırılması nəzərdə tutulur.
Hazırda ölkədə sosial sığorta fondlarına ödənilən haqq işçilər üçün 34,09 faiz, işəgötürənlər üçünsə 10,5 faiz təşkil edir.