MƏDƏNİYYƏT
Latviya Rəssamlıq Akademiyasının rektoru: “Sanki kosmosdayam”
Riqa, 1 dekabr, AZƏRTAC
Latviyalı məşhur rəssam, Latviya Rəssamlıq Akademiyasının rektoru Aleksey Naumov Bakıda səfərdədir. A.Naumov buradakı Heydər Əliyev Mərkəzində özünün adlı-sanlı iki həmkarı ilə bərabər sərgi açıb.
Latviya Rəssamlıq Akademiyasının rektoru Rus.ism.iv saytına müsahibəsində deyib: “İndiyə qədər bu Mərkəzdə Baltikyanı ölkələrdən heç bir rəssamın əsərlərinin sərgisi keçirilməyib”.
Rektor deyib: “Sizi Azərbaycan paytaxtından salamlayıram. Mən buraya Latviyanın iqtisadiyyat naziri Dana Reyzniyetse-Ozolanın səfəri çərçivəsində gəlmişəm. Azərbaycanda Latviya Günlərinin açılışı münasibətilə kurator Emin Məmmədov və mənim həmkarlarım - Latviya Akademiyasının professoru Kristap Zarinş və akademiyanın müəllimi Andris Vitolinş ilə bərabər 30-a yaxın işin sərgisini təşkil etmişik”.
Dünyanın müxtəlif guşələrində səfərdə olan Aleksey Naumov orada gördüklərini hökmən kətan üzərinə köçürür. O deyib: “Bakıda bu unikal binanı təsvir etməyə bilməzdim. Hazırda bizim işlərimizin nümayiş etdirildiyi Heydər Əliyev Mərkəzi kosmosu xatırladır və biz özümüzü kosmosda olduğu kimi hiss edirik”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa