DÜNYA
Latviya miqrasiya böhranına qarşı mübarizə aparmaq üçün Türkiyəyə 4,3 milyon avro ayıracaq
Riqa, 30 noyabr, AZƏRTAC
Latviyanın hakim koalisiyası miqrasiya böhranına qarşı mübarizə çərçivəsində Türkiyəyə 4,3 milyon avro ayrılması qərarını bəyənib. Bu barədə daxili işlər naziri Rixard Kozlovskis məlumat verib. Qaçqınlarla bağlı məsələdə maliyyə yardımının ayrılması barədə qərar Aİ-nin iki həftə əvvəl Maltada keçirilən miqrasiya problemlərinə dair xüsusi sammitində qəbul olunub.
Türkiyədə suriyalı qaçqınların sayı artıq 2 milyona çatıb. Həmin qaçqınların kütləvi şəkildə Avropa İttifaqına axışmaması üçün Aİ səviyyəsində Türkiyəyə maliyyələşdirmə ayrılması barədə qərar qəbul edilib ki, Türkiyə həmin insanları öz ərazisində yerləşdirə bilsin.
Avropa Komissiyasının prezidenti Jan Klod Yunker Malta zirvə görüşündə bildirib ki, Avropa Komissiyası həmin məqsədlərə 500 milyon avro ayırmağa hazırdır, blokun üzvü olan ölkələr isə daha 2,5 milyard avro təqdim etməlidirlər.
Daha əvvəl “Financial Times” nəşrinin yazdığına görə, həmin məbləğin 4 milyon avrosu Latviyanın, 6,5 milyonu Litvanın, 3,5 milyonu Estoniyanın payına düşür.
Həmin məbləğlər Aİ ölkələrinin ümumi daxili məhsulu əsasında hesablanıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa