SİYASƏT
Latviyanın Zemqale regionunun yerli özünüidarəetmə orqanlarının rəhbərləri Suraxanıda olublar
Bakı, 30 may, AZƏRTAC
Latviyanın Zemqale regionunun, o cümlədən Yekabpils şəhərinin yerli özünüidarəetmə orqanları rəhbərlərinin bir qrupundan ibarət nümayəndə heyəti Bakı şəhərində səfərdə olub.
Səfərin məqsədi Suraxanı Rayon İcra Hakimiyyəti, Qaraçuxur bələdiyyəsi və Zemqale regionunun yerli özünüidarəetmə orqanları arasında əməkdaşlığın genişləndirilməsi, xalqlarımızın dostluq münasibətlərinin inkişaf etdirilməsi olub.
Suraxanı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Zemqale regionu Şurasının sədri Qunta Jildenin rəhbərlik etdiyi nümayəndə heyəti rayon icra hakimiyyətinin nümayəndələri ilə birgə Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu ulu öndər Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları ziyarət edilib.
Qonaqlar Heydər Əliyev Mərkəzi, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olublar.
Suraxanıda Heydər Əliyev Parkı ilə tanışlıqdan sonra nümayəndə heyəti Ulu Öndərin adını daşıyan mərkəzdə olub. Qonaqlara mərkəzin fəaliyyəti barədə məlumat verilib.
Rayon icra hakimiyyətində keçirilən görüşdə ikitərəfli əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə, o cümlədən Suraxanı rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri haqqında qonaqlara ətraflı məlumat verilib. Görüşdə əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılıb, gələcək əlaqələrin istiqamətləri müzakirə edilib.
Səfər çərçivəsində qonaqlar Dövlət Bayrağı Meydanında, Dənizkənarı Milli Parkda, İçərişəhərdə və Bakının digər görməli yerlərində olublar.
Nümayəndə heyətinin üzvləri Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinin, yeni parkların, yaşıllıqların salınmasının, şəhərin təmizliyinin, Milli Parkda görülən işlərin onlarda xoş təəssürat yaratdığını bildiriblər. Onlar bir daha Bakıya gəlmək arzusunda olduqlarını deyiblər.
Qeyd edək ki, nümayəndə heyətinin səfəri 2012-ci il avqustun 15-də Latviyanın Yekabpils bələdiyyəsi ilə Suraxanı rayonu Qaraçuxur bələdiyyəsi arasında imzalanmış qarşılıqlı əməkdaşlıq haqqında Protokola əsasən həyata keçirilib.