DÜNYA
Latviyaya ilk qaçqınlar gəlib
Riqa, 8 fevral, AZƏRTAC
Xüsusi proqram çərçivəsində Avropa İttifaqı ölkələri arasında bölüşdürülən ilk qaçqınlar fevralın 6-da Latviyaya gəlib. Daxili İşlər Nazirliyinin dövlət katibi İlze Petersone-Qodmane bildirib ki, Mutsenieki şəhərində qaçqınların saxlanma mərkəzində iki ailə yerləşdirilib. Nazirliyin nümayəndəsi Dayqa Xolmanın yaydığı məlumatda deyilir ki, qaçqın ailələrindən biri Suriyadan, digəri Eritreyadandır. Bundan əvvəl Yunanıstanda düşərgələrdə olan hər iki ailə Latviyaya şənbə gününə keçən gecə gəlib. Onların arasında məktəb yaşına çatmayan iki uşaq da var.
Sərhəd mühafizəsinin nümayəndəsi polkovnik-leytenant Marek Xonyavko bildirib ki, hər iki ailə dinc şərait axtardığı üçün Latviyaya gəlmək arzusunda olub.
Bundan əvvəl xəbər verilib ki, Latviya iki il ərzində Yunanıstan və İtaliyadan 531 sığınacaq axtaran qəbul etməyə hazırdır.
İlze Petersone-Qodmane deyib ki, Latviya sərhəd mühafizəsinin əməkdaşları Yunanıstan və İtaliyadan Latviyaya gələcək qaçqınların seçilməsi işini davam etdirirlər. Lakin danışıqlar sona çatmayıb. Növbəti qaçqınların bir ay ərzində gələcəyi güman edilir.
Latviyada immiqrantların müəyyən statusa uyğun olması məsələsinə üç ay ərzində baxılır. Ola bilər ki, bu proses daha tez başa çatsın, çünki Latviya iki il ərzində ölkəyə 500 nəfərdən çox qaçqının yerləşdirilməsi qrafikinə əməl etməlidir.
Daxili işlər naziri Rixard Kozlovskis LNT telekanalının “900 saniyə” verilişində təsdiq edib ki, hazırda Latviyada yerləşdirmək üçün hazır olan digər şəxslər yoxdur. Qaçqınların seçimi üzrə işlər aparılır, müvafiq plan hazırlanıb, lakin məsul qurumlar hələ ki meyarlara uyğun gələn qaçqın tapa bilməyiblər. Nazir deyib: “İlk qaçqınların qəbulu təcrübəsinə əsasən biz fəaliyyət planının necə işlədiyini görəcəyik”.
LETA informasiya agentliyinin məlumatına görə, fevralın 6–da 200-dək adam Riqada Azadlıq Abidəsi yanında kütləvi immiqrasiya əleyhinə piket keçirib. Toplaşanlar Seymin buraxılmasını və Avropa İttifaqından ayrılmağı tələb ediblər. Onlar Baltikyanı ölkələrin bayraqlarından ibarət rəmzi zəncir düzəldiblər. Piketdə əlində Polşa bayrağı olan adamlar da iştirak ediblər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa