DÜNYA
“Lavin” tufanı nəticəsində Filippində 15 nəfər həlak olub
Tokio, 23 oktyabr, AZƏRTAC
Oktyabrın 20-də Filippinin şimal hissəsinə çatan “Lavin” tufanı nəticəsində həlak olanların sayı 15 nəfərə çatıb. Bu barədə Filippinin Fövqəladə Halların İdarə Olunması Milli Şurasının icraçı direktoru Rikardo Halad oktyabrın 23-də məlumat verib.
Şuranın ilk məlumatında səkkiz nəfərin həlak olduğu bildirilmişdi.
GMA News portalının məlumatına görə, Kaqayan əyalətinin qubernatoru Manuel Mamba tufan zamanı daha dörd nəfərin həlak olduğu barədə bəyanat verib. O, əlavə edib ki, ölənlərin sayı arta bilər.
Fövqəladə Halların İdarə Olunması Milli Şurasının son məlumatına görə, “Lavin” tufanı yeddi mindən çox adanı əhatə edən Filippin ərazisindən keçərkən 230 mindən çox insan təxliyə edilib və onlardan 160 mini hələ də evlərinə qayıda bilmir. Təbii fəlakət nəticəsində iki mindən çox ev dağılıb, 12 min ev isə qismən zərər çəkib. Ölkənin bir çox rayonlarında nəqliyyatın hərəkətində və elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Oktyabrın 23-nə olan məlumata görə, 43 yolun bəzi hissələrində hərəkət hələ də bərpa olunmayıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio