CƏMİYYƏT
Lay sularının təmizlənməsi məqsədilə həyata keçirilən pilot layihə uğurla başa çatıb
Bakı, 22 dekabr, AZƏRTAC
“Suraxanıoyl” əməliyyat şirkətinin 3-cü mədən ərazisində lay sularının təmizlənməsi məqsədilə həyata keçirilən pilot layihə uğurla başa çatıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, pilot layihə Almaniyanın “AWAS” şirkəti tərəfindən iki ay müddətində həyata keçirilib. Mədən ərazisində quraşdırılmış qurğuya daxil olan lay suyunun Xəzər dənizinə yol verilən axıntı həddinə qədər təmizlənməsinə nail olunub. Bu, indiyə kimi Azərbaycan neft sənayesində dənizə buraxılan axıntılarla bağlı əldə edilmiş yeni uğurlu nailiyyətdir. Bu tip təmizləyici qurğuların tezliklə bütün digər neft istehsalat sahələrində tətbiqi nəzərdə tutulub.
Pilot layihənin təqdimat mərasimində SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, şirkətin vitse-prezidentləri Rəfiqə Hüseynzadə, Rəhman Qurbanov, David Məmmədov və digər əlaqədar qurumlardan rəsmi şəxslər iştirak ediblər.