SİYASƏT
“Lead Pakistan” qəzetində Azərbaycanın müstəqillik illərində qazandığı uğurlar barədə məqalə dərc edilib
İslamabad, 26 noyabr, AZƏRTAC
Pakistanın “Lead Pakistan” qəzetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi ilə bağlı “Azərbaycanın uzaqgörən rəhbərliyi” adlı məqalə dərc edilib.
Məqalədə Azərbaycanın ötən 25 il ərzində böyük sosial-iqtisadi nailiyyətlərə imza atdığı bildirilir, siyasi sabitliyi və dayanıqlılığı qoruyub saxladığı qeyd olunur.
Müəllif belə sosial-iqtisadi inkişafın əldə olunmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin mühüm rolunun olduğunu vurğulayır. Bildirilir ki, bir çox “beyin mərkəzləri”nin, maliyyə institutlarının son hesabatlarında Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar, praqmatik xarici siyasət haqqında rəylər verilir.
Yazıda Azərbaycanın 1918-ci ildə, hətta Amerika Birləşmiş Ştatlarından da əvvəl qadınlara seçki hüququ verdiyi bildirilir.
Həmçinin Azərbaycanda insan hüquqlarının qorunması, demokratiya və şəffaflığın təmin olunması sahəsində atılan addımların dünyada yüksək qiymətləndirildiyi, Azərbaycanın müsəlman ölkəsi kimi sülh, harmoniya və tolerantlığın modeli olduğu qeyd edilir. Azərbaycan rəhbərliyinin apardığı siyasət nəticəsində ölkədə böyük uğurlara imza atıldığı diqqətə çatdırılır.
Bildirilir ki, Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində Azərbaycan enerji sahəsində böyük nailiyyətlər qazanıb, regional iqtisadi məkana, dünya və region ölkələri arasında körpüyə çevrilib.
Məqalədə, həmçinin bildirilir ki, Azərbaycan-Pakistan əlaqələrinin əsasını ümummilli lider Heydər Əliyev və Benazir Bhutto qoyub. Azərbaycan və Pakistan prezidentləri İlham Əliyev və Məmnun Hüseyn, həmçinin Baş nazir Məhəmməd Nəvaz Şərif ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad