SİYASƏT


“Lead Pakistan” qəzetində Azərbaycanla bağlı növbəti məqalələr dərc edilib

A+ A

İslamabad, 30 noyabr, AZƏRTAC

“Lead Pakistan” qəzetində “Azərbaycan-Pakistan münasibətləri: Təsir edən tərəfdaşlar” və “Füsunkar Azərbaycan” adlı məqalələr dərc olunub.

Birinci məqalədə Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərifin Azərbaycana səfəri və keçirdiyi yüksək səviyyəli görüşlərdən sonra iki ölkə arasındakı münasibətlərin müxtəlif sahələrdə daha da dərinləşdiyi bildirilir.

Qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Məhəmməd Nəvaz Şəriflə görüşündə ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi, iqtisadi-ticarət, xüsusilə kənd təsərrüfatı və turizm sahələrində əlaqələrin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb. Prezident İlham Əliyev iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində, həmçinin Kəşmir və Dağlıq Qarabağ məsələlərində bir-birini daim dəstəklədiklərini vurğulayıb.

Məqalədə Azərbaycanda elektron viza sisteminə keçildikdən sonra qarşılıqlı gediş-gəlişin asanlaşacağı qeyd olunur və görüşdə müzakirə olunan digər məsələlər barədə də ətraflı məlumat verilir.

Baş nazir Məhəmməd Nəvaz Şərifin Kəşmir və Dağlıq Qarabağ məsələlərində iki ölkənin bir-birinə olan qarşılıqlı dəstəyinin davam edəcəyinə əminlik ifadə etdiyi vurğulanır.

“Füsunkar Azərbaycan” sərlövhəli məqalədə isə 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə görülən işlər haqqında söhbət açılır. Bildirilir ki, ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində ölkədə separatçı hərəkatların və vətəndaş müharibəsinin qarşısı alınıb, “Əsrin müqaviləsi” imzalanıb və irəliyə doğru böyük bir addım atılıb.

Həmçinin məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin böyük sosial-iqtisadi inkişaf yolu keçdiyi, geosiyasi sabitliyə nail olduğu və beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrildiyi qeyd edilir. Vurğulanır ki, Azərbaycanın inkişafı və nailiyyətləri müsəlman ölkələri üçün qürur mənbəyidir. Prezident İlham Əliyev ölkənin enerji ehtiyatlarından, o cümlədən insan resurslarından səmərəli istifadə edib, uğurlu daxili və xarici siyasət yürüdərək iqtisadi sabitliyi qoruyub saxlamağa nail olub.

Yazıda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi prosesinin getdiyi də diqqətə çatdırılır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.