SİYASƏT


Lefkoşa şəhərində Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan gecə keçirilib

A+ A

Lefkoşa, 19 oktyabr, AZƏRTAC

Türk Dünyası Həmrəylik Dərnəyi və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə Şimali Kiprdə keçirilən Türk dünyası birinci Gənclər Forumu çərçivəsində Lefkoşa şəhərində Azərbaycanın dövlət müstəqilliyinə həsr olunan gecə təşkil edilib.

Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanan mərasimdə rəsmi şəxslər, deputatlar, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu çıxış edərək Gənclər Forumunun əhəmiyyəti, dövlət müstəqilliyinin bərpasından sonrakı dövrdə Azərbaycanın qazandığı uğurlar, ölkəmizin tarixi və mədəniyyəti haqqında danışıb.

Milli Məclisin deputatı Mahir Abbaszadə və professor Aygün Əttar Azərbaycanın dövlət müstəqilliyinin bərpası, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlər, ölkəmizdə həyata keçirilən çoxistiqamətli islahatlar, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələri barədə söhbət açıblar.

Şimali Kiprin milli təhsil naziri Özdəmir Berova və parlamentin deputatı Zorlu Töre Azərbaycan xalqına təbriklərini və xoş arzularını çatdırıblar. Bildirilib ki, Azərbaycanın hərtərəfli inkişafı və nailiyyətləri Şimali Kipr xalqı tərəfindən böyük sevinclə qarşılanır.

Mərasim çərçivəsində təşkil olunan kitab sərgisində türk dünyası yazıçı və şairlərinin əsərləri, yeni nəşrlər, roman və şeirlər kitabları nümayiş etdirilib. Böyük şairimiz Hüseyn Cavidin Azərbaycanda fəaliyyət göstərən “Kaspi” Şirkətlər Qrupunun himayədarlığı ilə İstanbulda nəşr edilmiş əsərlərinin külliyyatı, yazıçı-publisist Sona Vəliyevanın Türkiyədə çap olunmuş “Arazbarı” və “Türkün gəlişi” şeirlər kitabları, yazıçı Şamil Sadıkın “Od erler” romanı, İraqın Kərkük bölgəsindən olan şair Kamal Bayatlının “Kərkük səni yazdım” və “Kərkükdə zaman” kitabları, o cümlədən digər maraqlı nəşrlər oxuculara hədiyyə edilib.

Mərasim bədii hissə ilə davam edib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Lefkoşa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.