CƏMİYYƏT


Lenin rayonunun başçısı: Azərbaycanın sosial obyektlərin inşası sahəsində təcrübəsindən Rusiyada istifadə etməyə dəyər

A+ A

Moskva, 31 avqust, AZƏRTAC

Bu yaxınlarda mənə Bakıya səfər etmək, müasir Azərbaycanın nailiyyətlərini gözlərimlə görmək xoşbəxtliyi nəsib oldu. Azərbaycanda gördüklərim məndə çox xoş təəssürat yaradıb və düşünürəm ki, xüsusilə sosial obyektlərin inşası sahəsində Azərbaycanın təcrübəsindən təkcə Moskvaətrafı rayonlarda deyil, ümumilikdə Rusiya Federasiyasında geniş istifadə etməyə dəyər.

Bu sözləri Moskvaətrafı Lenin bələdiyyə rayonunun başçısı Oleq Xromov AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib.

Moskva ətrafındakı Volodarskoye qəsəbəsində azərbaycanlı iş adamı, Rusiyanın Əməkdar İnşaatçısı Əlizaman Rəhimovun rəhbərlik etdiyi “Günay” kommersiya-istehsalat firmasının inşa etdiyi “Pçelka” uşaq bağçasının təntənəli açılış mərasimində iştirak edən O.Xromov vurğulayıb ki, rayonda Azərbaycan diasporu ilə sıx əməkdaşlıq əlaqələri ənənəsi mövcuddur.

Azərbaycanlılar rayonun sosial-ictimai həyatında yaxından iştirak edirlər. O.Xromov, həmçinin qeyd edib ki, azərbaycanlı iş adamı Əlizaman Rəhimovun rəhbərlik etdiyi inşaat şirkətinin rayonda sosial obyektlərin tikintisi sahəsində yaranmış problemlərin aradan qaldırılmasında xüsusi xidmətləri var. O deyib: “Əlizaman Rəhimovla işləmək bizim üçün böyük şərəfdir. Şirkət hazırda yeni orta məktəb, daha bir 230 yerlik uşaq bağçası və xəstəxana binasının tikintisini davam etdirir. Onun etibarlı iş adamı və təcrübəli inşaatçı kimi ad qazandığını nəzərə alsaq, bu obyektlərin də vaxtında istifadəyə veriləcəyinə şübhəmiz qalmır”.

Uşaq bağçasının açılış mərasimində Lenin rayonu administrasiyası adından “Günay” şirkətinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürnamələr təqdim olunub.

Fəridə Abdullayeva

AZƏRTC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.