SİYASƏT


Leninqrad vilayəti Azərbaycan ilə əlaqələri genişləndirməyə hazırdır

Bakı, 25 may, AZƏRTAC 

Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko mayın 24-də Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımovla görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə A.Drozdenko Leninqrad vilayətinin Azərbaycan ilə ticari-iqtisadi, elmi-texniki və mədəni sahələrdə əlaqələri əhəmiyyətli dərəcədə genişləndirməyə hazır olduğunu təsdiq edib. Tərəflər bu sözlərin təsdiqi olaraq, Leninqrad vilayəti Hökuməti və Azərbaycan Respublikasının Hökuməti arasında əməkdaşlıq haqqında sazişin hazırlanması gedişini müzakirə ediblər və ənənəvi mehriban dostluq münasibətlərini xalq diplomatiyasının köməyi ilə möhkəmləndirmək barədə razılığa gəliblər.

Vilayətin ictimai layihələrində və mədəni həyatında Azərbaycan diasporu nümayəndələrinin fəal iştirak etdiklərini, mədəniyyət və sosial münasibətlər sahəsində əlaqələrin genişlənməsinə marağın olduğunu vurğulayan qubernator deyib: “Biz iqtisadi əməkdaşlığı genişləndirmək üçün böyük potensial görürük”. Qubernator Azərbaycan mallarının Rusiyanın və Avropanın böyük bazarlarına çıxarılması üçün regionun logistik dəstək göstərməyə hazır olduğunu bildirib.

Baş konsul Sultan Qasımov da iqtisadi əlaqələrin genişlənməsinin, xüsusən humanitar və mədəni sahələrdə ölkələrimiz arasında əməkdaşlığın qorunub saxlanılmasının və inkişafının, dostluq və mehriban qonşuluq münasibətlərinin strateji tərəfdaşlıq ruhunda dəstəklənməsinin əhəmiyyətini vurğulayıb. O, Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının formatının əhəmiyyətini qeyd edib və Leninqrad vilayətinin nümayəndə heyətini bu il Azərbaycana dəvət edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərin geniş spektrinə dair fikir mübadiləsi aparılıb.

Baş konsul Sultan Qasımov səmimi qəbula görə Leninqrad vilayətinin qubernatoru A.Drozdenkoya təşəkkür edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.