CƏMİYYƏT
Lənkəran-Astara bölgəsi çaylarında sululuq artıb
Bakı, 14 oktyabr, AZƏRTAC
Ötən günlər ərzində yağan leysan xarakterli intensiv yağış nəticəsində respublikanın əksər çaylarında, əsasən də Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-240, Kiçik Qafqazın çaylarında 100-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 130-170 faizini təşkil edir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, oktyabrın 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 156 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 11 santimetr artım qeydə alınıb. Məntəqədə su sərfi saniyədə 76 kubmetr olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 25 santimetr artıb.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 430, Salyanda 255, Bankədə 208, Novruzlu məntəqəsində isə 140 santimetrdir.