CƏMİYYƏT
Lənkəran-Astara bölgəsi çaylarında sululuq artıb
Bakı, 24 noyabr, AZƏRTAC
Dünən gün ərzində yağan yağışlar nəticəsində respublikanın əsasən Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, bu ərazidən axan Lənkərançay-Lənkəranda suyun səviyyəsində 36, Lənkərançay-Sifidorda 25, Vəşərüçay-Daştatükdə 30, Viləşçay-Şıxlarda isə 9 sm artım qeydə alınıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-140, Kiçik Qafqazın çaylarında 80-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-160 faizini təşkil edir.
Noyabrın 24-də Kür çayının aşağı axınında da suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, suyun səviyyəsinin Kür çayının Surra məntəqəsində 4, Şirvanda 14, Salyanda 13, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 18 sm artdığı müəyyən edilib.