REGİONLAR
Lənkəran Dövlət Dram Teatrında Əməkdar Artistlə vida mərasimi keçirilib
Lənkəran, 23 yanvar, Bağır Əliyev, AZƏRTAC
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyoru, Əməkdar Artist Təvəkkül Əliyev yanvarın 23-də səhər saatlarında, 65 yaşında ürəktutmadan vəfat edib.
AZƏRTAC xəbər verir ki, teatrda mərhum aktyorla vida mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, teatrın kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimində çıxış edən Xalq Artisti Qabil Quliyev Təvəkkül Əliyevin həyat və yaradıcılıq yolu barədə danışıb.
Mərasimdə çıxış edənlər Təvəkkül Əliyevin Azərbaycan mədəniyyəti və incəsənəti üçün böyük itki olduğunu qeyd edərək, onun teatr səhnəsində yaratdığı rollarla yanaşı, milli kino tarixində də öz yeri olduğunu bildiriblər.
Çıxış edənlər mərhumun yaxınlarına, 44 il səhnədə çiyin-çiyinə çalışdığı həyat yoldaşı Xalq Artisti Böyükxanım Əliyevaya başsağlığı veriblər.
Mərhumun cənazəsi dəfn olunmaq üçün Bakı şəhərinə yola salınıb.
Qeyd edək ki, Təvəkkül Əliyev 1973-cü ildə Azərbaycan İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsini bitirdikdən sonra ömrünün sonunadək Lənkəran Dövlət Dram Teatrında çalışıb. O, 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!