QAN YADDAŞI
Lənkəran Dövlət Dram Teatrında “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib
Lənkəran, 25 fevral, Bağır Əliyev, AZƏRTAC
Fevralın 25-də Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra həzin musiqi sədaları altında Xocalı faciəsinin dəhşətləri teatrın aktyorlarının ifasında tamaşaçılara çatdırılıb.
Tamaşaçılar tərəfindən maraqla izlənilən ədəbi-bədii kompozisiyada Xalq Artisti Qabil Quliyev, Əməkdar Artist Sucəddin Mirzəyev, aktyorlardan Miraslan Ağayev, Sayad Əliyev, Şəbnəm Hüseynova, Günel Abbaszadə və başqaları çıxış ediblər.
Qeyd edək ki, “Xocalı harayı” ədəbi-bədii kompozisiyanın ssenari müəllifi və rejissoru Xalq Artisti Qabil Quliyev, musiqi tərtibatçısı Fərahim Fərəcov, işıq üzrə rəssamı İlham Bayramovdur.