REGİONLAR
Lənkəran Dövlət Dram Teatrında gənc aktyorlar üçün ustad dərsləri
Lənkəran, 3 may, Bağır Əliyev, AZƏRTAC
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında gənc aktyorlar üçün ustad dərsləri keçirilib.
AZƏRTAC xəbər verir ki, İran İslam Respublikasının Tehran şəhərindən dəvət olunmuş teatr mütəxəssisləri üç gün ərzində gənc aktyorlara səhnə hərəkətlərinin bir sıra xüsusiyyətlərini əyani olaraq öyrədiblər.
Teatrın direktoru Tofiq Heydərov bildirib ki, iki gündən sonra truppamız Bakıda Gənc Tamaşaçılar Teatrının səhnəsində Eduardo de Filippononun “Ruhlar” və Bəhrəm Beyzayinin “İlan Sultan” tamaşaları ilə çıxış edəcək. Bu sənət imtahanı ərəfəsində gənc aktyorlarımız üçün ustad təlimlərinin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. İnanıram ki, gənclərimizin öyrənib, əxz etdikləri Bakıdakı çıxışları zamanı köməklərinə çatacaq.
T.Heydərov diqqətə çatdırıb ki, İranın teatr mütəxəssisləri və sənət kollektivləri ilə Lənkəran teatrının əlaqələri bundan sonra da davam etdiriləcək. Qonşu ölkədəki həmkarlarımızla çoxlu müştərək layihələrimiz nəzərdə tutulub. Gələcəkdə tamaşalarımızı İranın şəhərlərində oynamağı nəzərdə tutmuşuq.