REGİONLAR
Lənkəran Dövlət Dram Teatrının kollektivi İrandan qastrol səfərindən qayıdıb
Lənkəran, 3 iyul, Bağır Əliyev, AZƏRTAC
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasından qastrol səfərindən qayıdıb.
Teatrın direktoru Tofiq Heydərov AZƏRTAC-a bildirib ki, kollektiv iyunun 29-dan 30-a kimi qonşu ölkənin Parsabad şəhərində Bəhram Beyzayinin “İlan Sultan” tamaşası ilə çıxış edib.
İranlı rejissor Xeyrullah Təğiyənipurun quruluş verdiyi bu səhnə əsərində iki gəncin saf məhəbbətindən, kəşməkəşli hadisələrdən sonra vüsala yetmələrindən bəhs olunur.
Tamaşada əsas rolları Xalq Artisti Qabil Quliyev, Əməkdar Artist Sucəddin Mirzəyev, aktyorlardan Qızılgül Quliyeva, Miraslan Ağayev, Aynur Əhmədova, Səyad Əliyev, Emin Fərzullayev, Tərlan Abdullayev və başqaları ifa ediblər.
Qastrol səfəri zamanı “İlan Sultan” tamaşasına İranın Ərdəbil, Parsabad, Germi və digər türkdilli şəhərlərindən 1000-dən çox sənətsevər baxmaq imkanı qazanıb.
Anşlaqla keçən tamaşa barədə İranın informasiya agentlikləri, qəzetləri, “Səhər” və “Seda Sima” televiziya kanalları məlumat yayıblar.
Lənkəranlı sənətçilər Parsabad Şəhər Mədəniyyət İdarəsinin fəxri fərmanları və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.