REGİONLAR
Lənkəran Dövlət Dram Teatrının kollektivi cənub bölgəsinin mədəni-maarif müəssisələrini hamiliyə götürür
Lənkəran, 23 iyun, Bağır Əliyev, AZƏRTAC
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının kollektivi cənub bölgəsinin rayonlarında fəaliyyət göstərən mədəni-maarif müəssisələrini hamiliyə götürür.
AZƏRTAC xəbər verir ki, Cəlilabad rayonunda mədəniyyət işçilərinin iştirakı ilə keçirilən görüşdə çıxış edən teatrın direktoru Tofiq Heydərov əldə olunmuş nailiyyətlərdən, kollektivin gələcək yaradıcılıq planlarından danışıb. T.Heydərov bildirib ki, bölgədə fəaliyyət göstərən dram kollektivləri, xalq teatrları baza rolunu oynayır. Lənkəran Dövlət Dram Teatrında istedadlı aktyorlara böyük tələbat var.
Mədəniyyət müəssisələrinə hamilik olunması layihəsinə keçən ildən start verildiyini diqqətə çatdıran teatrın direktoru, ilk köməyin Lənkəran rayonunun mədəniyyət müəssisələrinə göstərildiyini və bunun müsbət nəticə verdiyini söyləyib.
Cəlilabad Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Rəşad Salmanov çıxışında professional sənət adamlarının məsləhətinə, tövsiyəsinə həmişə ehtiyac duyduqlarını vurğulayıb, teatrın kollektivi ilə əlaqələrin daha sıx və möhkəm olacağını bildirib.