REGİONLAR
Lənkəran Dövlət Universitetində “Məzun günü”
Lənkəran, 30 iyun, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Dövlət Universitetində (LDU) “Məzun günü” keçirilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən universitetin rektoru, professor Asəf İsgəndərov ali məktəbi bitirən məzunlara uğurlar arzulayıb. Rektor bildirib ki, bu il universiteti 13 ixtisas üzrə 248 tələbə, 20 illik təhsil dövründə isə 29 ixtisas üzrə 7 min tələbə bitirib.
Lənkəran Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli, LDU-nun Valideynlər Şurasının sədri Sərhad Məmmədov, Lənkəran Şəhər İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, universitetin ilk məzunu Asif İmanlı, valideynlər adından Rafiq Hüseynov çıxış edərək məzunlara gələcək fəaliyyətlərində uğurlar diləyiblər.
Məzunlardan Fatma Abdullayeva, Aysel Rüstəmova, Leyla Nəzərli ürək sözlərini söyləyərək doğma ali məktəbi, onlara dərs deyən müəllimləri unutmayacaqlarını vurğulayıblar.
Sonra fakültələr üzrə tələbə-məzunların bədii yaradıcılıq qruplarının çıxışları olub. Müsabiqədə iştirak edən 100-dək tələbə bilik və bacarığını nümayiş etdirib.
Məzunların ifasında Azərbaycan, Vətən, tələbəlik haqqında mahnılar oxunub, şeirlər səslənib, rəqslər, səhnəciklər göstərilib.
Təbiyyat elmləri fakültəsinin bədii yaradıcılıq qrupu yüksək bilik və bacarıq nümayiş etdirərək müsabiqənin qalibi olub.
“Məzun günü”ndə universitetin elmi, ictimai və mədəni həyatında fərqlənənlərə, müxtəlif müsabiqələrin, o cümlədən mini futbol yarışlarının qaliblərinə fəxri fərmanlar, diplomlar və hədiyyələr verilib.