ELM VƏ TƏHSİL
Lənkəran Regional Elmi Mərkəzi hesabat verib
Bakı, 15 mart, AZƏRTAC
Martın 15-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında Lənkəran Regional Elmi Mərkəzinin direktoru, aqrar elmlər üzrə elmlər doktoru Fərman Quliyev rəhbərlik etdiyi qurumun ötən ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, F.Quliyev cənub bölgəsində fundamental və innovasiya xarakterli elmi-tədqiqat işlərinin təşkili, regionun tarixi, mədəniyyəti, adət və ənənələrinin öyrənilməsi və digər istiqamətlərdə həyata keçirilən tədbirlər haqqında məlumat verib. Mərkəzin direktoru bölgədə daha məhsuldar sort və formaların toplanması, öyrənilməsi, seleksiya yolu ilə yüksək genetik xüsusiyyətlərə malik yeni sort və formaların yaradılmasının vacibliyini bildirib. Alim qeyd edib ki, ayrı-ayrı həyətyanı və fermer təsərrüfatlarında mövcud olan, son zamanlar klassik və klon seleksiya üsulları ilə yaradılmış sitrus, çay, subtropik meyvə, qərzəkli və texniki bitkilərin genetik-kolleksiya bağının salınmasına, təsərrüfat-bioloji xüsusiyyətlərinin öyrənilməsinə böyük ehtiyac var. Məruzəçi bu məqsədlə Lənkəran Regional Elmi Mərkəzi ilə Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq müqaviləsinin imzalandığını söyləyib.
F.Quliyev məlumat verib ki, hesabat ilində Çin və İranın müvafiq qurumları ilə çay, sitrus və digər subtropik bitkilər üzrə birgə elmi-tədqiqat işlərinə başlanılıb. Çin ilə çayın genefond mübadiləsi, emalı məqsədilə yeni texnologiyanın öyrənilməsi və digər məsələlər üzrə ümumi razılıq əldə olunub. Bundan başqa, Gürcüstanın Çay və Subtropik Meyvə Elmi-Tədqiqat İnstitutu, Türkiyənin bir neçə elmi-tədqiqat institutu ilə əməkdaşlığa dair niyyət protokollarının imzalanması nəzərdə tutulur.
Direktor bildirib ki, 2016-cı ildə mərkəz əməkdaşlarının yerli və xarici aparıcı elmi jurnallarda üç məqalə və bir monoqrafiyası çap olunub.
AMEA Rəyasət Heyətinin qərarı ilə hesabat təsdiq olunub. Mərkəzə Lənkərаn, Аstаrа, Mаsаllı və Lеrik rаyоnlаrının hər birində elmi-tədqiqat işlərinin aparılması məqsədilə tоrpаq sаhələrinin ayrılması, Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran bölgəsində fəaliyyət göstərən elmi müəssisələrinin torpaq və digər resurslarından istifadə edərək birgə elmi-tədqiqat işlərinin aparılması və digər istiqamətlərdə tapşırıqlar verilib.