ELM VƏ TƏHSİL
Lənkəran Regional Elmi Mərkəzində prioritet istiqamətlərdə araşdırmalar aparılır
Bakı , 21 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Dilqəm Tağıyev, Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov və Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə akademiyanın Lənkəran Regional Elmi Mərkəzində (LREM) olublar.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, görüşdə mərkəzin direktoru, professor Fərman Quliyev rəhbərlik etdiyi müəssisənin strukturu, fəaliyyət istiqamətləri və burada aparılan tədqiqatlar barədə danışıb.
D.Tağıyev LREM-in akademiyanın fundamental tədqiqat institutları ilə birgə elmi araşdırmalar aparmasının və prioritet istiqamətlərin yerli şəraitə uyğun seçilməsinin zəruriliyini vurğulayıb.
Akademik F.Qədirov ölkə başçısının AMEA-nın ümumi yığıncağındakı “Azərbaycan regionun elm mərkəzinə çevrilməlidir!” çağırışını xatırladıb. Bildirilib ki, bu çağırışa cavab olaraq AMEA rəyasət heyəti regionlarda elmi müəssisələrin fəaliyyətinin gücləndirilməsinə və müasir elmi tədqiqatların aparılmasına diqqəti artırır.
Akademik V.Əlizadə Lənkəran zonasında botanika elminin müasir istiqamətləri üzrə aparılacaq tədqiqat işlərindən danışıb.
Sonra nümayəndə heyəti mərkəzin subtropik bitkilər şöbəsinin təcrübə sahəsi, həmçinin arxeologiya şöbəsində regionda arxeoloji abidələrinin monitorinqi, yeni abidələrin aşkarlanması istiqamətində görülən işlərlə tanış olublar. Gələcəkdə LREM-in nəzdində AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birgə arxeoloji fondun və açıq səma altında arxeo-etnoqrafik muzeyin yaradılması istiqamətində işlərin aparılması tövsiyə edilib.
Görüşdə LREM-də aparılan elmi tədqiqatların AMEA-nın əsas institutlarının elmi araşdırmaları ilə əlaqələndirilməsinin vacibliyi vurğulanıb. Həmçinin müvafiq sahələrdə birgə layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.