REGİONLAR


Lənkəran Teatrı yeni mövsümə başlayıb

A+ A

Lənkəran, 25 sentyabr, Bağır Əliyev, AZƏRTAC

N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı özünün 126-cı mövsümünə başlayıb.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən açılış mərasimində teatrın direktoru Tofiq Heydərov, baş rejissoru Tural Mustafayev, aparıcı aktrisaları - Xalq Artisti Böyükxanım Əliyeva və Şahrud Mehdiyeva kollektivin ötən mövsümdə qazandığı nailiyyətlərdən və qarşıda duran vəzifələrindən danışıblar.

Çıxışlarda qeyd olunub ki, bu il teatrın kollektivi Bəham Beyzayinin “İlan Sultan” tamaşası ilə qonşu İran İslam Respublikasının paytaxtında keçirilən beynəlxalq teatr festivalında mükafata layiq görülüb. Kollektivin may ayında iki tamaşa ilə Bakıda paytaxt tamaşaçıları qarşısında hesabat xarakterli çıxışı da maraqla qarşılanıb.

Bildirilib ki, hazırda teatrda “YUĞ” teatrının baş rejissoru Gümrah Ömərin quruluşunda M.F.Axundzadənin “Hacı Qara” komediyası tamaşaya hazırlanır.

Paralel olaraq daha iki səhnə əsərinin - italyan dramaturqu Lüidji Lunarinin “Üç nəfər yelləncəkdə” və Abdulla Şaiqin “Qoç Polad” əsərləri üzərində də iş gedir.

Açılış mərasimindən sonra tamaşaçılara Əli Vəlioğlunun “Əsrlərin harayı” tamaşası təqdim olunub.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun quruluş verdiyi tamaşanın quruluşçu-rəssamı Tərlan Sadıqov, bəstəkarı Rüfət Ramazanovdur.

Əsas rolları əməkdar artistlər Təvəkkül Əliyev və Sucəddin Mirzəyev, aktyorlardan Aynur Əhmədova, Əlibala Əsgərov, Niftulla Əsgərov, Miraslan Ağayev, Sayad Əliyev, Şəbnəm Hüseynova, Rauf Zeynalov və başqaları oynayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.