REGİONLAR
Lənkəran: bu ilin birinci rübündə rayonda ümumi məhsul buraxılışı 61 milyon 185 min manat təşkil edib
Lənkəran, 18 aprel, Bağır Əliyev, AZƏRTAC
Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində şəhər icra hakimiyyəti başçısı yanında şuranın geniş iclasında 2017-ci ilin birinci rübündə rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, hesabat yığıncağında çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, 2017-ci ilin 3 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində işlər artan templə davam edib, ümumi məhsul istehsalı artıb, sənaye, kənd təsərrüfatı və digər sahələrdə uğurlu nəticələr qazanılıb.
Qeyd olunub ki, bu ilin birinci rübündə rayonda ümumi məhsul buraxılışı 61 milyon 185 min manat təşkil edib. Sənayedə 7,8 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 2,8 faiz çox məhsul istehsal olunub. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcminin 1,6 faiz artaraq ümumi həcmdə onun xüsusi çəkisinin 66,5 faiz təşkil edib.
Bildirilib ki, bu dövrdə rayonda 9,6 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu, əvvəlki il ilə müqayisədə 1,1 faiz çoxdur. Bu ilin məhsulu üçün 1704 hektar sahədə yazlıq bitkilər əkilib və hazırda əkin işləri davam edir.
Rayonda diri çəkidə 1510 ton ət, 7796 ton süd və 3,7 milyon ədəd yumurta istehsal olunub.
Diqqətə çatdırılıb ki, rayonda ənənəvi sahələrdən olan çəltikçiliyin bərpa olunmasına böyük önəm verilir.
Kənd təsərrüfatına yararlı istifadəsiz qalmış torpaqların əkin dövriyyəsinə cəlb etmək uçun cari ildə 500 hektar sahədə əlavə çəltik əkilməsi və məhsulun emalı üçün dəyirmanın tikintisi nəzərdə tutulub.
Eyni zamanda, “Gilan Aqro”MMC tərəfindən 100 hektar sahədə Koreya Respublikasından gətirilmiş yeni “Hallobonq” növlü sitrus tinglərin əkilməsinə başlanılıb. 100 hektar çay sahələrinin salınması ilə əlaqədar hazırlıq işləri davam etdirilir. Rayonda Sənaye Parkının yaradılması nəzərdə tutulub.
Bu ilin 3 ayı ərzində rayonda geniş abadlıq və quruculuq işləri aparılıb. Şəhərin küçə və xiyabanlarında, qəsəbə və kəndlərdə, magistral yolların kənarlarında evlərin divarları, daş hasarlar suvaqlanıb, bardürlər və hasarlar yenidən rənglənib. Ümumilikdə şəhərdə, qəsəbə və kəndlərdə 12 min kvadratmetr hasar və bardür rənglənib. Şəhərin park və bağlarında 15 min ədəd dekorativ ağac və gül kolları əkilib.
Yeni iş yerlərinin yaradılması ilə əlaqədar mənzil istismar-kommunal müəssisələr idarəsinə 216 nəfər, Lənkəran şəhərində çoxmənzilli yaşayış binalarının təmiri işlərinə 327 nəfər işçi cəlb olunub.
Bildirilib ki, Lənkəranda turizmin daha da inkişaf etdirilməsi üçün tədbirlərin əlavə görülməsi nəzərdə tutulub. Hazırda yeni Olimpiya İdman Kompleksinin və 11 mərtəbəli 4 ulduzlu “Qafqaz” otel kompleksinin, Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin tikintisi davam etdirilir.
Eyni zamanda, Ələt-Astara yeni magistral avtomobil yolunun Lənkəran hissəsinin tikintisi başa çatmaq üzrədir. Yaşayış məntəqələrinin qazlaşdırılması tədbirləri davam etdirilir.
Müzakirələrdə rayon kənd təsərrüfatı idarəsinin rəisi Tofiq Rzayev, Telekommunikasiya qovşağının rəisi Şahlar İsmayılov, Yuxarı Xanbulançay Hidroqovşağı İdarəsinin rəisi Allahyar Salayev, Dövlət Sosial Müdafiə Fondunun sədri Maarif Bayramov çıxış ediblər.
Şura iclasında müzakirə olunan məsələ ilə əlaqədar müvafiq qərar qəbul edilib.