REGİONLAR
Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 226 min manat güzəştli kredit verilib
Bakı, 30 mart, AZƏRTAC
İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun martın 30-da sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair Cəlilabad rayonunda keçirdiyi işgüzar forumda Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 226 min manat güzəştli kredit verilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kreditlər əsasən, heyvandarlıq, arıçılıq, çayçılıq, üzümçülük sahələrinin inkişafına yönəldiləcək və 30-a yaxın yeni iş yerinin açılmasına imkan verəcək.
Yüzə yaxın sahibkarın iştirak etdiyi forumda Cəlilabad rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və prioritet hesab olunan iri fermer, intensiv kartofçuluq, üzümçülük, pambıq, soya, noxud və mərci əkini təsərrüfatlarının, çiyələk emalı və quru meyvə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində 90-a yaxın sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 20,7 milyon manat güzəştli kredit verilib. Qeyd edilib ki, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3 mindən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 118,6 milyon manat güzəştli kredit ayrılıb. Digər sahələrlə yanaşı müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iribuynuzlu heyvandarlıq kompleksinin, çörək zavodlarının, meyvə-tərəvəz, mebel və tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, istixana, çayçılıq, üzümçülük təsərrüfatlarının, yem zavodunun yaradılması və sair sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.
Tədbir çərçivəsində, həmçinin Cəlilabad rayonunda güzəştli kredit ayrılan iri fermer təsərrüfatına baxış keçirilib. Ümumilikdə, son illər respublika ərazisində müasir suvarma sistemlərinin və innovativ texnologiyaların tətbiqinə əsaslanan 44 min hektaradək ərazidə 32 iri fermer təsərrüfatı yaradılıb. Bu təsərrüfatlarda məhsuldarlıq arpa və buğda üzrə 60 sentnerədək, qarğıdalıda 120 sentnerədək, soyada isə 35 sentnerədək təşkil edir.