REGİONLAR
Lənkəran: tur-aksiya iştirakçılarını maraqlı ekskursiya gözləyir
Lənkəran, 16 mart, Bağır Əliyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçısı olan Quba, Qusar, Xaçmaz, Ağsu, Qobustan, Ağdaş, Tərtər rayonlarının məktəbliləri və onların müəllimləri martın 16-da günün ikinci yarısında Lənkərana gəliblər.
AZƏRTAC xəbər verir ki, Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında tur-aksiya iştirakçılarını Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Məktəbliləri və onların müəllimlərini salamlayan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva bildirib ki, dövlətimizin başçısının təşəbbüsü və Prezident Administrasiyasının təşkilatçılığı ilə reallaşan, əhali tərəfindən yüksək qiymətləndirilən “Ölkəmizi tanıyaq” layihəsinin məktəblilərin dünyagörüşünün formalaşmasında və onların ölkəmizi daha yaxından tanımasında əhəmiyyətli rolu var. Ekskursiya çərçivəsində tur-aksiyanın iştirakçısı olan şagirdlər parta arxasında öyrəndiklərinin, mətbuatda və internet səhifələrində oxuduqlarının canlı şahidinə çevrilirlər.
Məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, böyük rəhbərin adını daşıyan Mərkəzdə Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Lənkəran şəhərindəki Gənclər Mərkəzi ilə tanışlıq zamanı şagirdlərə məlumat verilib ki, Mərkəz 2013-cü il oktyabrın 15-də fəaliyyətə başlayıb.
Daha sonra məktəblilər Lənkəran şəhərindəki Bayraq Meydanında olublar.
Lənkərandakı “Qafqaz sahil”, “Palıdlı sahil” istirahət mərkəzlərində, “Şah sarayı”, “Palmalife” hotellərində yerləşən məktəblilər şam yeməyindən sonra müxtəlif əyləncəli oyunlarda iştirak ediblər.
Martın 17-də məktəblilərin Lənkəranın səfalı məkanları və görməli yerlərinə ekskursiyası davam edəcək.