REGİONLAR


Lənkəran və Lerikdə ictimai dinləmələr keçirilib

A+ A

Lənkəran-Lerik, 12 iyul, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin qarşıda duran vəzifələrlə bağlı iyulun 12-də Lənkəran və Lerik rayonlarında ictimai dinləmələr keçirilib.

AZƏRTAC xəbər verir ki, Lənkəranda Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin, ərazi icra nümayəndəliklərinin, məhkəmə, polis, prokurorluq orqanlarının, dairə seçki komissiyası və bələdiyyələrin, yerli qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ombudsman Elmira Süleymanova və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Tədbirdə çıxış edən şəhər icra hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov bildirib ki, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi dövlət siyasətinin ən başlıca xəttini təşkil edir.

Lənkəran rayonunda Milli Fəaliyyət Proqramından irəli gələn vəzifələrlə əlaqədar vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini vurğulayan İ.Dadaşov şəhər icra hakimiyyətində və yerlərdə vətəndaş qəbullarının təşkil olunduğunu, onların müraciətlərinin həlli üçün operativ tədbirlər görüldüyünü diqqətə çatdırıb.

Ombudsman Elmira Süleymanova çıxış edərək bildirib ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” insan hüquqlarının qorunması ilə bağlı aparılan islahatların yeni bir mərhələsidir. Ötən illərdə ölkəmizdə həyata keçirilən demokratik, hüquqi, sosial-iqtisadi islahatlar nəticəsində əhalinin rifah halı daha da yaxşılaşıb, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları uğurla reallaşdırılıb, Azərbaycanın hər bir şəhər və rayonu inkişaf edib.

Elmira Süleymanova qeyd edib ki, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq əsas vəzifələrdən biridir. Bu sahədə Milli Fəaliyyət Proqramı uğurla həyata keçirilir.

Müzakirələrdə çıxış edən Darquba kənd tam orta məktəbinin direktoru Mais Kazımov, Lənkəran şəhər 1 nömrəli tam orta məktəbin direktoru Nəzakət Abdullayeva, Rvo kənd bələdiyyəsinin sədri Kamal Hüseynov və rayon məhkəməsinin sədri Elçin Kazımov Lənkəranda insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərdən danışaraq, bu işi daha da yaxşılaşdırmaq üçün təkliflərini bildiriblər.

Tədbirdən sonra Ombudsman Elmira Süleymanova Lənkəran Şəhər Polis Şöbəsində müvəqqəti saxlama yerinə baş çəkərək burada yaradılan şəraitlə tanış olub, vətəndaşların müraciətlərini dinləyib.

Növbəti ictimai dinləmə həmin gün Lerik Rayon Mədəniyyət Mərkəzində keçirilib.

Əvvəlcə insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova və Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası istiqamətində Lerik rayonunda görülmüş işlər barədə danışıb. Qeyd olunub ki, insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli müdafiəsi dövlət siyasətinin ən başlıca xəttini təşkil edir. Bütün dövlət orqanlarının, o cümlədən rayon icra hakimiyyətinin fəaliyyətinin əsas prioritet istiqamətlərindən biri də insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, bu istiqamətdə müvafiq maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir.

Sonra Ombudsman Elmira Süleymanova çıxış edərək Milli Fəaliyyət Proqramı çərçivəsində görülən işlərdən danışıb. Bildirilib ki, respublikamızın hər bir bölgəsində insan hüquq və azadlıqlarının tətbiqi və təbliği vəziyyətinin monitorinqi, eyni zamanda, əhalinin hüquqi maarifləndirilməsi istiqamətində ictimai dinləmələr mühüm əhəmiyyət kəsb edir.

Müzakirələrdə rayon ağsaqqallar şurasının sədri Həmzə Vəliməmmədov, rayon polis şöbəsinin rəisi Hüseynəli Məlikov, şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyin direktoru, əməkdar müəllim Gültəkin Şıxəliyeva, Uzunömürlülər Muzeyinin direktoru Dilarə Fətullayeva, Cəngəmiran bələdiyyəsinin sədri Güləddin Şahverənov və başqaları çıxış edərək insan hüquq və azadlıqlarının həyata keçirilməsində rayonda görülmüş işlərdən danışıb, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.

Tədbir başa çatdıqdan sonra Ombudsman Elmira Süleymanova bir qrup vətəndaşı qəbul edib, rayon polis şöbəsində müvəqqəti saxlama yerinə baş çəkib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.