REGİONLAR


Lənkəran və ətraf rayonlarda fəaliyyət göstərən 47 sahibkara 491 min manat güzəştli kredit verilib

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun noyabrın 3-də Lənkəran rayonunda keçirdiyi işgüzar forumda Lənkəran və ətraf rayonlarda fəaliyyət göstərən 47 sahibkara 491 min manat güzəştli kredit verilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kreditlər heyvandarlıq, arıçılıq, bağçılıq, qapı-pəncərə istehsalı və s. sahələrin inkişafına yönəldiləcək və 60-a yaxın yeni iş yerinin açılmasına imkan verəcək.

Forumda Lənkəran rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, müasir suvarma sistemlərinin tətbiqi ilə tərəvəzçilik, çayçılıq və intensiv bağçılıq və cins heyvandarlıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov deyib ki, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3000-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 223,7 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iri buynuzlu heyvandarlıq kompleksinin, çörək zavodlarının, meyvə-tərəvəz, mebel və tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, istixana, çayçılıq, üzümçülük təsərrüfatlarının, yem zavodunun yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.

Tədbir çərçivəsində, həmçinin Lənkəran rayonunda güzəştli kredit ayrılmış intensiv bağçılıq təsərrüfatlarına baxış keçirilib. Ümumilikdə, son illər müasir texnologiyaların tətbiqi ilə 1856 hektar ərazidə 22 bağçılıq və tingçilik təsərrüfatlarının maliyyələşdirilməsinə 27,5 milyon manat güzəştli kredit verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.