REGİONLAR
Lənkərana üz tutan turistlər kənd evlərində qalmağa üstünlük verirlər
Lənkəran, 8 iyul, Bağır Əliyev, AZƏRTAC
Yay aylarında şəhərlərdə yaşayan insanlar səs-küydən uzaqda, sakit, yaşıl guşədə istirahət etmək üçün təmiz havası olan kənd yerlərini seçirlər.
AZƏRTAC xəbər verir ki, builki yay turizm mövsümündə Lənkərana gələn və ev axtarışında olan turistlər daha çox yerli sakinlərlə münasibət qurmağa, yerli məişət və adət-ənənələrlə tanış olmağa maraq göstərirlər.
Bu, qiymət baxımından da turistlər üçün əlverişlidir. Lənkəranın təmiz havası, müalicəvi suyu və zəngin mətbəxi olan kəndlərinə üz tutan turistlərə evlər bir gün üçün 3-5 manata təklif olunur.
Uzun illərdir turist qəbul edən Haftoni kənd sakini Şaiq Əmirov onların mənalı istirahət etmələri üçün evlərində hər cür şərait olduğunu, qiymətlərin də qonaqların ürəyincə olduğunu bildirib.
Bu yay mövsümündə gələn turistlərin gecikdiyini qeyd edən Ş.Əmirov bunun səbəbini dərs ilinin uzadılmasında və havaların bir qədər gec isinməsində görür.
Qonaqları razı salmaq üçün əlindən gələn köməkliyi göstərdiyini, gəzinti zamanı turistlərə bələdçilik də etdiyini deyən kənd sakini həyət-bacada rahat dolaşmaları üçün onlara tam sərbəstlik verdiyini bildirib : “Belə cənnət məkanı gördükdən sonra ağıla gələn ilk fikir bu olur; yay istirahətini keçirmək üçün bundan daha gözəl və münasib yer ola bilməz”.