REGİONLAR
Lənkəranda 10 minədək akasiya tingi yetişdirilir
Lənkəran, 27 iyun, Bağır Əliyev, AZƏRTAC
Azərbaycanın III dövr relikt bitkisi olan Lənkəran akasiyası Talış meşələrində yayılıb. Füsunkarlığı, gözəl rayihəsi ilə seçilən bu ağac hazırda demək olar ki, yox olmaq üzrədir və adı “Qırmızı kitab”a salınıb.
AZƏRTAC xəbər verir ki, Lənkəran akasiyası dekorativ əhəmiyyətə malik olmaqla yanaşı, yerli əhali ondan parçaların rənglənməsində və qurudulmuş saplaqlarından xalq təbabətində öskürəyə qarşı istifadə edir. O, Azərbaycanda təkcə Lənkəran və Astara rayonlarında, ölkəmizdən kənarda isə İranda, Hindistanda, Çində və Yaponiyada bitir.
Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəssisənin baş meşəbəyi əvəzi Məhərrəm Cəfərov bildirib ki, vaxtilə şəhər parklarında əkilən akasiya ağacları baxımsızlıq ucbatından məhv olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tapşırığına əsasən Lənkəran akasiyasının tinglik təsərrüfatında yetişdirilməsinə başlanıb. Bu məqsədlə müəssisə tərəfindən 10 minə qədər akasiya tingliyi salınıb .
Lənkəran akasiyası bal arısı bəsləyənlər üçün də xüsusi əhəmiyyətə malikdir. Mütəxəssislərin fikrincə, akasiya çiçəyindən şirə çəkən arıların balı həm ətirli, həm də dadlı olur.