REGİONLAR
Lənkəranda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans başa çatıb
Lənkəran, 26 noyabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə respublikanın cənub bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfrans başa çatıb.
AZƏRTAC xəbər verir ki, konfransın ikinci günündə keçirilən birinci plenar iclasda Bakı İslam Universitetinin müəllimi Aslan Həbibovun “Dini radikalizm və onun təhlükəli təzahürləri ilə mübarizə”, Bakı İslam Universitetinin Zaqatala şöbəsinin müəllimi Asəf Qənbərovun “İslam dünyasında radikalizmin yaranma səbəbləri: tarixilik və müasirlik”, AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı Elvüsal Məmmədovun “Dini radikalizm ilə mübarizədə mötədillik əsas prinsip kimi” mövzularında məruzələri dinlənilib.
İkinci plenar iclasda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin cənub bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov “Ənənəvi İslam dəyərləri və çağdaş problemlər”, DQİDK-nın sədr müavini Gündüz İsmayılov “Azərbaycanda ənənəvi İslam və xarici təsirlər”, Qafqaz Müsəlmanları İdarəsi sədrinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, bölgə qazisi Qəni Axundzadə “Cənub bölgəsində ənənəvi İslam”, ilahiyyat üzrə fəlsəfə doktoru Faiq Əhmədzadə “İslam və müasirlik” mövzularında məruzələrlə çıxış ediblər.
Konfransın sonuncu - üçüncü plenar iclasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlının “Dini müxtəliflik: birgə yaşayışın harmonik vəhdəti kimi”, DQİDK-nın şöbə müdiri Niyaz Yaqubovun “Dini icmalar və Azərbaycanın tolerantlıq modelinin təbliği”, Bakı İslam Universitetinin Zaqatala şöbəsinin müəllimi Rafiz Manafovun “İslamda dini müxtəliflik: tarix və bu gün”, Bakı İslam Universitetinin müəllimi Aslan Həbibovun “Vəhdət naminə məzhəblərarası dialoq” mövzularında məruzələri dinlənilib.
Plenar iclaslarda dinlənilən məruzələr ətrafında müzakirələr aparılıb.
Bununla da ikigünlük regional konfrans öz işini başa çatdırıb.