REGİONLAR


Lənkəranda “Aprel döyüşləri-ruhumuzun qələbəsi!” devizi ilə hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirilib

A+ A

Lənkəran, 9 iyul, Bağır Əliyev, AZƏRTAC

İyulun 9-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Müdafiə Nazirliyi və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Aprel döyüşləri-ruhumuzun qələbəsi!” devizi ilə hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Toplantıda Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda, eləcə də aprel döyüşlərində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev tədbirdə çıxış edərək bildirib ki, aprel döyüşlərində Milli Ordumuzun qazandığı qələbə ölkəmizin bütün vətəndaşları kimi, lənkəranlıların da böyük ruh yüksəkliyinə səbəb oldu. O, həmin döyüşlərdə ölkəmizin digər bölgələri ilə yanaşı, lənkəranlı hərbi qulluqçuların da fədakarlıq, rəşadət göstərdiklərini vurğulayaraq onlardan şəhidlik zirvəsinə ucalanların olduğunu diqqətə çatdırıb.

Mərasimdə çıxış edən Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini polkovnik Abdulla Qurbani aprel döyüşlərində Milli Ordumuzun hərbi qulluqçularının göstərdiyi igidlikdən, qəhrəmanlıq nümunələrindən danışıb.

Qeyd olunub ki, aprel döyüşlərində fərqlənən oğullarımız və şəhidlik zirvəsinə ucalmış Vətən övladları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə orden və medallarla, fəxri adlarla mükafatlandırılıb. Şəhid ailələrinə ölümündən sonra təltif olunduqları medallar təqdim edilib.

Diqqətə çatdırılıb ki, aprel döyüşləri Azərbaycan dövlətinin qüdrətinin, Milli Ordumuzun gücünün və xalqımızın monolit birliyinin nümayişinə çevrilib.

Tədbirdə Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli çıxış edərək Azərbaycanda ordu quruculuğunun ən yüksək səviyyədə olduğunu bildirib.

Ölkəmizdə hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayan komitə sədri bu il 1500-ə yaxın hərbi qulluqçuya yeni mənzillərin verildiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, aprel döyüşlərində iştirak edən hərbi qulluqçuların və onların ailə üzvlərinin Yeni Azərbaycan Partiyasının təşəbbüsü və maliyyə dəstəyi ilə Lənkərandakı “Palıdlı sahil” istirahət mərkəzində istirahəti təşkil olunub. Tədbirdə aprel döyüşlərinin Lənkəranda istirahət edən hərbi qulluqçuları da iştirak ediblər.

Döyüşlərdə göstərdikləri şücaətə görə Azərbaycan Respublikasının Prezidenti adından müdafiə naziri, generel-polkovnik Zakir Həsənovun əmri ilə Milli Ordunun əsgərləri - Cəlilabad rayonunun Məlikqasımlı kənd sakini Röyal Nəsirovun, Masallı rayonunun Güllütəpə kənd sakini Firdovsi Bağırzadənin və Lənkəran rayonunun Vilvan kənd sakini Nahid Səfərovun ölümlərindən sonra təltif olunduqları “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medallar mərasimdə şəhidlərin ailə üzvlərinə təqdim edilib.

Şəhid əsgərlərin valideynləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Mərasimdə məktəblilərin ifasında hərbi-vətənpərvərlik mövzusunda şeirlər ifa olunub, aprel döyüşləri ilə bağlı videoçarxlar nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.