REGİONLAR
Lənkəranda “Azərbaycanda ənənəvi İslam dəyərləri: tarixilik və varislik” mövzusunda tədbir keçirilib
Lənkəran, 13 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Azərbaycanda ənənəvi İslam dəyərləri: tarixilik və varislik” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Gənclər və İdman Nazirliyinin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Aydın Məmmədov, cənub bölgəsinin gəncləri, idman idarələrinin rəhbərləri, tələbələr iştirak ediblər.
Toplantıda çıxış edənlər ölkəmizdə mövcud ənənəvi İslam dəyərlərinin düzgün təbliğinin aparılmasında gənclərin fəallığının daha da artırılması, müasir ailə dəyərlərinin formalaşması, multikultural dəyərlər, milli və dini tolerantlıq sahəsində qazanılan nailiyyətlərdən danışaraq, dini ekstremizmə qarşı mübarizədə gənclərin əməli fəaliyyətinin daha da intensivləşməsinin vacibliyini, azərbaycançılıq məfkurəsinin geniş təbliğinin zəruriliyini diqqətə çatdırıblar.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə lentə alınmış “Fitnə” sənədli filmi nümayiş etdirilib.