REGİONLAR


Lənkəranda Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Lənkəran, 13 yanvar, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan Xalq Komissarlığının müalicə şöbəsinin rəhbəri, Bakı şəhərinin səhiyyə şöbəsinin rəisi, Azərbaycan Tibb İnstitutunun rektoru vəzifələrində işləyərkən Əziz Əliyev öz təcrübəsini, istedadını, sönməz enerjisini respublikanın səhiyyəsinə, yüksək ixtisaslı həkimlərin yetişdirilməsinə, elmin inkişafına həsr edib.

AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 13-də Lənkəran Müalicə Diaqnostika Mərkəzində Səhiyyə Nazirliyi və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) birgə təşkilatçılığı ilə görkəmli alim və dövlət xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransda danışılıb.

Prezident İlham Əliyevin "Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamına müvafiq olaraq keçirilən tədbirdə ADHTİ-nin professor-müəllim heyəti, Lənkəran rayonunun tibb işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransda çıxış edən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Qasımov Əziz Əliyevin şərəfli ömür yolundan söhbət açaraq bildirib ki, Azərbaycanın tanınmış şəxsiyyətləri arasında görkəmli alimin xüsusi yeri vardır. Əziz Əliyev 1959-cu ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru kimi fəaliyyət göstərib, ömrünün sonuna qədər bu institutun rektoru vəzifəsində çalışıb. İnstitut tarixinin bir çox şərəfli səhifələri məhz Əziz Əliyevin adı ilə bağlıdır. Hazırda institut onun adını daşıyır.

Diqqətə çatdırılıb ki, Əziz Əliyevin siyasi xadim kimi fəaliyyəti də şanlı səhifələrlə zəngindir. O, istər Azərbaycanda, istər Dağıstanda və istərsə də Moskvada yüksək dövlət vəzifələrində çalışarkən özünü uzaqgörən, səriştəli və bacarıqlı dövlət xadimi kimi göstərə bilib.

Tədbirdə çıxış edən institutun dosentləri Elmira Qədimova və Zemfira Quliyeva Əziz Əliyevin Azərbaycanda səhiyyənin və tibb elminin inkişafı sahəsində xidmətlərindən, dövlət xadimi kimi rəhbər vəzifələrdə çalışdığı illərdə fəaliyyətindən danışıblar.

Konfrans işini institut alimlərinin apardıqları elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunmuş çıxışlarla davam etdirib.

ADHTİ-nin urologiya kafedrasının professoru Eldar Hüseynov, nefrologiya kafedrasının müdiri, tibb elmləri doktoru Fuad Sərdarlı, stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti Həsən Əsədov, otorinolarinqologiya kafedrasının dosenti Akif Əfəndiyev təbabətin müxtəlif aktual problemlərinə həsr olunmuş məruzələrlə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.