REGİONLAR
Lənkəranda “Bakcell”in yeni dizaynda Xidmət Mərkəzi istifadəyə verilib
Bakı, 9 oktyabr, AZƏRTAC
“Bakcell” şirkəti Lənkəranda yeni dizaynda olan Xidmət Mərkəzini istifadəyə verib.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, H.Aslanov xiyabanı, 6 ünvanında yerləşən mərkəzdə abunəçilərə tam çeşiddə xidmətlər təqdim olunur.
Bu münasibətlə şirkətin baş satış direktoru Fedja Hadzic deyib: “Ölkədə ən üstün şəbəkəyə malik olan “Bakcell”in baza stansiyalarının sayı bütün ölkə ərazisində sürətlə artır. Buna uyğun olaraq biz satış və xidmət mərkəzlərimizin şəbəkəsini də genişləndiririk. Şirkətin 2G şəbəkəsi Lənkəran əhalisinin 99 faizini, 3G şəbəkəsi isə 97 faizini əhatə edir. İnternet penetrasiyası isə 60 faiz ətrafındadır. Bu zonada abunəçilərin 42 faizinin smartfon istifadəçiləri olduğunu nəzərə alsaq, yüksək sürətli mobil internet faktorunun burada nə qədər önəmli olduğunu görərik. “Bakcell” Azərbaycanın cənub bölgəsində öz fəaliyyətini genişləndirmək məqsədilə həm şəbəkəyə, həm də satış və xidmət mərkəzlərinin qurulmasına investisiya yatırmağa davam edir”.
Yeni Xidmət Mərkəzinin açılışı ilə əlaqədar olaraq buradan yeni nömrə əldə edən abunəçilərə əlavə olaraq 30 dəqiqə həcmində danışıq hədiyyəsi təqdim olunub. Bu hədiyyə ilə satışa çıxarılan nömrələrin sayı məhduddur.
Qeyd edək ki, hazırda “Bakcell”in 250-dək pərakəndə satış nöqtəsi, paytaxt və bölgələrdə isə 26 Müştəri Xidməti Mərkəzi fəaliyyət göstərir.