REGİONLAR
Lənkəranda “Dövlət-din münasibətləri” mövzusunda elmi-praktik konfrans
Lənkəran, 25 avqust, Bağır Əliyev, AZƏRTAC
Avqustun 25-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Dövlət-din münasibətləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə icra hakimiyyəti aparatının məsul işçiləri, idarə və təşkilatların rəhbərləri, təhsil, mədəni-maarif müəssisələrinin işçiləri, din xadimləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Konfransda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dünyanın ən tolerant, sivil dövlətlərindən birinə çevrildiyini bildirib.
T.Qaraşov ölkəmizdə dinamik sosial-iqtisadi inkişafla yanaşı, qanunçuluğun, insan hüquq və azadlıqlarının da qorunub təmin olunmasının həyat normasına çevrildiyini, azad insan cəmiyyətinin bütün atributlarının bərqərar olduğunu diqqətə çatdırıb.
Bildirilib ki, multikultural dəyərlərin yaşadıldığı Azərbaycanda, o cümlədən Lənkəranda dövlət-din münasibətləri qanunvericiliyin tələblərinə uyğun tənzimlənir, milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin dini etiqad azadlığı Konstitusiya normaları səviyyəsində təmin olunur.
Elmi-praktik konfransda məruzə və çıxışlar dinlənilib, müvafiq tövsiyə və tapşırıqlar verilib.