REGİONLAR
Lənkəranda Dünya Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilib
Lənkəran, 27 fevral, AZƏRTAC
Fevralın 27-də Dünya Mülki Müdafiə Günü ilə əlaqədar Lənkəranda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə müxtəlif təyinatlı xilasetmə avadanlıqları və fərdi mühafizə vasitələri şəhər sakinlərinə nümayiş etdirilib.
Sonra Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin mülki müdafiə şöbəsi, mülki müdafiə qoşunlarının şəxsi heyətinin iştirakı ilə zərərçəkənlərə ilkin tibbi yardımın göstərilməsi, epidemiyaya qarşı mübarizə, axtarış-xilasetmə tədbirləri ilə bağlı məlumat verilib.
Baş vermiş yanğının söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, kimyəvi kəşfiyyatın təşkili ilə bağlı işlər diqqətə çatdırılıb, müasir avadanlıqların funksiyaları iştirakçılara izah olunub.
Qızıl Aypara Cəmiyyətinin rayon bölməsinin əməkdaşlarının da qatıldığı tədbir rayon sakinləri tərəfindən maraqla izlənilib.