REGİONLAR
Lənkəranda Heydər Əliyevin xatirəsi ehtiramla anılıb
Lənkəran, 9 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 9-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar “Əbədiyyətə doğru” adlı anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin mərkəzdə ucaldılmış büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olub, sənədli filmə baxıblar.
Anım mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova dünyaşöhrətli siyasətçi Heydər Əliyevin mənalı və şərəfli ömür yolundan, dövlətimizin iqtisadi cəhətdən gücləndirilməsi istiqamətindəki fəaliyyətindən, Lənkərana tarixi səfərlərindən, rayonun inkişafı üçün gördüyü işlərdən danışıb.
Lənkəran Dövlət Universitetinin müəllimi, filologiya elmləri doktoru Yədulla Ağazadə, tarix elmləri üzrə fəlsəfə doktoru Kamal Mahmudov Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, tarixinin inkişafındakı böyük rolundan, bu istiqamətdəki fəaliyyətindən, Vətənə, xalqa şərəfli xidmətindən söhbət açıblar.
Anım mərasimi Ümummilli Liderə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə başa çatıb.