REGİONLAR
Lənkəranda “İslam həmrəyliyinin təbliği və təşviqində medianın rolu” mövzusunda regional konfrans keçirilib
Lənkəran, 18 aprel, Bağır Əliyev, AZƏRTAC
Aprelin 18-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin təbliği və təşviqində medianın rolu” mövzusunda regional konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül düzərək xatirəsini ehtiramla yad ediblər.
Konfransda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Sərəncamının böyük tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb, bu sənədin İslam ölkələri arasında ziddiyyətlərin aradan qaldırılmasına, həmrəyliyin formalaşdırılmasına yönələn mühüm addım kimi dəyərləndirib.
T.Qaraşov bildirib ki, bu gün Azərbaycanda bütün dinlərə eyni səviyyədə hörmət bəslənilir və ölkənin inanclı vətəndaşlarının hər birinin öz dini etiqadlarını yerinə yetirmələri üçün bərabər şərait yaradılıb.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli çıxışında respublikanın cənub bölgəsində İslami dəyərlərə həmişə böyük hörmətlə yanaşıldığını qeyd edərək, Fondun bu mövzuda keçirdiyi regional konfransın birinci olaraq Lənkəranda reallaşmasının təsadüfi olmadığını diqqətə çatdırıb.
V.Səfərli gələn ay Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini vurğulayaraq, bu oyunlarda 57 ölkədən 3000-ə yaxın idmançının iştirak edəcəyini və onların Azərbaycan həqiqətləri ilə yaxından tanış olmaq imkanı qazanacağını deyib.
Konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Xidmətinin aparıcı məsləhətçisi Ceyhun Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Trend” İnformasiya Agentliyinin baş direktor müavini Aydın Quliyev məruzələrlə çıxış ediblər. Məruzəçilər ölkəmizin tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verdiyini, eləcə də respublikamızda əldə olunmuş nailiyyətlərin təbliği və təşviqində medianın da üzərinə böyük vəzifələrin düşdüyünü bildiriblər.
Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.