REGİONLAR


Lənkəranda “Milli mənəvi dəyərlərimizin qorunmasında ictimaiyyətin rolu” mövzusunda regional konfrans keçirilib

A+ A

Lənkəran, 3 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Oktyabrın 3-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Milli mənəvi dəyərlərimizin qorunmasında ictimaiyyətin rolu” mövzusunda regional konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə cənub bölgəsinin din xadimləri, ziyalılar, tələbə-gənclər, hüquq mühafizə orqanlarının rəhbərləri və yerli icra strukturlarının nümayəndələri iştirak ediblər.

Konfransda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, sürətlə inkişaf edən Azərbaycanın dünyanın ən tolerant, multikultural və sivil dövlətlərindən birinə çevrildiyini bildirib.

T.Qaraşov çıxışında, həmçinin multikulturalizmin hökm sürdüyü Azərbaycanda, o cümlədən Lənkəranda dövlət-din münasibətlərinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun tənzimləndiyini, milli mənsubiyyətindən asılı olmayaraq hər bir inanclı insanın dini etiqad azadlığının Konstitusiya normaları səviyyəsində təmin edildiyini, bugünkü möhkəm siyasi sabitliyin, vətəndaş həmrəyliyinin ulu öndər Heydər Əliyevin müdrik düşüncəsinin, Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin misilsiz bəhrəsi olduğunu diqqətə çatdırıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə çıxışında qeyd edib ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra respublikamızda məscidlərə, ziyarətgahlara xüsusi önəm verilib, diqqət və qayğı göstərilib. Ümummilli Liderin Aşura günləri məscidlərə gəldiyini, dindarlarla, inanclı insanlarla görüşdüyünü, onların qarşısında çıxış etdiyini, fikir mübadiləsi apardığını vurğulayan A.Paşazadə hazırda bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən milli mənəvi dəyərlərimizə xüsusi önəm verildiyini bildirib.

Dövlət-din münasibətlərindən söz açan Şeyxülislam ibadətlərin məscidlərdə keçirilməsinin vacibliyini, bütün dindarların, ziyalıların, ictimaiyyət nümayəndələrinin mənfi hallara qarşı birgə mübarizəsinin zəruriliyini diqqətə çatdırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında regional konfransın əhəmiyyətini yüksək qiymətləndirərək, ölkəmizdə milli mənəvi dəyələrin, adət-ənənələrimizin qorunması sahəsində görülən işlərdən, dövlət-din münasibətlərindən danışıb.

Sovetlər dönəmində respublikamızda 17 məscidin mövcudluğunu qeyd edən Komitə sədri hazırda Azərbaycanda 2 min 50 məscidin fəaliyyət göstərdiyini bildirib.

Din pərdəsi altında ölkəmizdə ictimai-siyasi sabitliyin pozulmasına çalışan radikal qüvvələrin qarşısının alınmasında birgə mübarizənin vacibliyini söyləyən M.Qurbanlı dini ayinlərin yalnız məscidlərin həyətlərində və daxilində icra edilməsinin məqsədəmüvafiq olduğunu vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsi elmi-dini şurasının sədri, akademik Vasim Məmmədəliyev çıxışında bildirib ki, dinimizdə fanatizm yoxdur və o qəbul edilmir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin qətiyyətlə, inamla davam etdirdiyi siyasət nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik yaranıb, milli mənəvi dəyərlərə böyük önəm verilir. Bütün bunlar isə Azərbaycanı dünyada tolerant, multikultural dövlət kimi tanıdıb.

Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə milli mənəvi dəyərlərin mahiyyətindən söz açıb, talassemiyalı, hemofiliyalı xəstələr üçün keçiriləcək qanvermə aksiyasının mütəşəkkil icra olunacağına əminliyini ifadə edib.

Milli Məclisin deputatları Hadi Rəcəbli, Cavanşir Paşazadə, Hüseynbala Mirələmov və Nəriman Əliyev ölkəmizdə dövlət-din münasibətlərindən, milli mənəvi dəyərlərin qorunmasında ictimaiyyətin rolundan danışıblar.

Sonra məscidlərin axundları, ağsaqqallar, ziyalılar və ictimaiyyətin nümayəndələri çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.