REGİONLAR
Lənkəranda “Ölümə qənşər” sənədli-bədii filminin təqdimatı olub
Lənkəran, 4 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Azərbaycanın Milli Qəhrəmanları Mərifət Nəsibov, Rafiq Alıcanov və Şamoy Çobanovun həyat və döyüş yolundan bəhs edən «Ölümə qənşər» sənədli-bədii filminin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin və "Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə N hərbi hissəsinin əsgər və zabitləri, müharibə veteranları, ictimaiyyətin nümayəndələrinin iştirak ediblər. Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən "Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Venera Əsgərova filmin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Milli, mənəvi və əxlaqi dəyərlərin gənclər arasında təbliği və təşviqi” layihəsi çərçivəsində ərsəyə gəldiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, müharibə iştirakçılarının, şəhid ailələrinin, sağlamlığını itirərək əlil olmuş soydaşlarımızın sosial məsələlərinin həlli Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Şəhidlərimiz xatirəsi uca tutulur, onların həyatı, keçdiyi döyüş yolu haqqında filmlər çəkilir, kitablar yazılır, qəhrəmanların adları əbədiləşdirilir.
Mərasimdə çıxış edənlər filmin yaradıcı heyətinə minnətdarlıqlarını ifadə edərək gənc nəslin-hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu cür layihələrin əhəmiyyətindən danışıblar.
Sonra filmin nümayişi olub. Ekran əsəri Milli Qəhrəmanların ailə üzvlərinin və döyüş yoldaşlarının xatirələri əsasında Qazax, Ağstafa və Quba rayonlarında lentə alınıb.