REGİONLAR
Lənkəranda “Tariximiz qürurumuzdur” layihəsi
Lənkəran, 19 dekabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzi və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə məktəbli–gənclər üçün “Tariximiz qürurumuzdur” layihəsinin icrasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Azərbaycan tarixinin öyrənilməsi ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Layihə çərçivəsində Mərkəzdə keçirilən ilk tədbir “Hərb tariximizin tanınmış sərkərdələri” mövzusuna həsr olunub.
Tədbirdə məktəblilərə Azərbaycanın qədim köklərə malik, çoxəsrlik tarixi, ordu quruculuğu və taktikaları ilə müharibələrin gedişatını dəyişən böyük ordu sərkərdələri haqqında ətraflı məlumat verilib.
Şah İsmayıl Xətai, Fətəli xan, Əliağa Şıxlinski, Xosrov bəy Sultanov, Səməd bəy Mehmandarov, Abdulla ağa Bakıxanov, Cəmşid Naxçıvanski, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov, Həzi Aslanov kimi bir çox görkəmli sərkərdələrin tarixi xidmətləri barədə məlumatlar şagirdlərin marağına səbəb olub.
Tədbirin sonunda məktəbli-gəncləri maraqlandıran suallar cavablandırılıb.