REGİONLAR


Lənkəranda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib

A+ A

Bakı, 10 fevral, AZƏRTAC

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.

AZƏRTAC xəbər verir ki, Xidmətin yaradılmasının 5-ci ildönümü münasibətilə növbəti belə tədbir fevralın 10-da Lənkəranda reallaşıb.

Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda keçirilən tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini İlqar Dadaşov gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində belə görüşlərin böyük əhəmiyyət daşıdığını bildirib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov çıxışında Xidmətin 5 il ərzində mühüm uğurlara nail olduğunu qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ötən 5 ildə qarşıya qoyulmuş vəzifələri müvəffəqiyyətlə yerinə yetirib, cəmiyyətin gözləntilərini doğruldub.

Mərasimdə şəhid ailələrinin üzvləri, veteranlar, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagirdlər mükafatlandırılıblar.

Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Lənkəran şəhər məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.