QAN YADDAŞI
Lənkəranda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Lənkəran, 21 fevral, Bağır Əliyev, AZƏRTAC
Xocalı soyqırımı təkcə azərbaycanlıların deyil, bütün bəşəriyyətin faciəsidir. Azərbaycanın Xocalı şəhərində dinc azərbaycanlılara qarşı qətliamın törədilməsi, şəhərin darmadağın edilməsi, yüzlərlə insanın - qocanın, cavanın, qadının, uşağın öldürülməsi insanlıq adına həqarətdir. Bu faciənin ehtiramla anılması və onun acı nəticələrinin dünyaya çatdırılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Lənkəran Şəhər Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı - qan yaddaşımız” adlı tədbirdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzinin foyesində “Xocalı guşəsi”, “Buta” rəsm dərnəyinin üzvlərinin “Xocalıya ədalət!” mövzusunda rəsm və kitab sərgisi ilə tanış olublar.
Mərasimdə çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Hafiz Mirzə Xocalı faciəsindən danışaraq bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal ediblər. Hücumdan əvvəl, fevralın 25-i axşamdan başlayaraq səhər saat 5-dək toplardan və ağır zirehli texnikalardan şiddətli atəşə tutulan şəhər darmadağın edilib, yandırılıb. Həmin vaxt üç istiqamətdən hücuma məruz qalan Xocalıda olan təqribən 2500 nəfər əhali şəhəri tərk edərək Ağdam rayonu istiqamətində qaçmağa məcbur olub. Lakin əhalinin qarşısı erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri tərəfindən kəsilərək gülləborana tutulub. Xocalılıların çox hissəsi məhz Əsgəran-Naxçıvanik düzündə xüsusi qəddarlıqla öldürülüb.
Tədbirin sonunda Mədəniyyət Mərkəzinin bədii özfəaliyyət kollektivlərinin, məktəblilərin və balaca fidanların ifasında Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.